Bakı. 7 aprel. REPORT.AZ/ "Terror təhdidlərinin, o cümlədən Əfqanıstan ərazisindən gələn təhlükənin səviyyəsinin artması mövcud beynəlxalq və regional təşkilatlar çərçivəsində əlavə antiterror tədbirlərin görülməsini şərtləndirir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kazaxstanskaya pravda" qəzetinə müsahibəsində deyib.
"Terrorizmə effektiv cavab vermək üçün ölkələrimiz arasında əməkdaşlığı həm siyasi səviyyədə, həm də informasiya mübadiləsi sayəsində müvafiq orqanlar və xüsusi xidmət orqanları vasitəsilə artırmaq lazımdır", - deyə o bildirib.
Onun sözlərinə görə, antiterror yönümlü əlavə tədbirlər Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qəbul olunmalıdır.
Q.Karasin Əfqanıstanda vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini qeyd edib. Rusiya XİN başçısının müavini bu gün üçün Əfqanıstanda təxminən 6 min İŞİD üzvünün olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin terrorçular arasında Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Şimali Qafqaz respublikalarından gəlmiş yaraqlılar var.