Urmiya şəhərindəki Kəşfiyyat Təcridxanasında saxlanılan İranın kürdəsilli siyasi fəalı Peyman Qolvani vəfat edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçiləri yayıb.
“Hengaw” İnsan Haqları Qrupunun məlumatına görə, P.Qolvani təcridxanadan Urmiyadaki Xomeyni xəstəxanasına köçürüldükdən sonra - iyulun 9-da dünyasını dəyişib.
O, iyunun 25-də Məhabadda saxlanılmışdı. Ailəsi hüquq müdafiəçisinin həbsinin səbəblərini və mümkün ittihamları öyrənməyə cəhd göstərsə də, rəsmilər heç bir şərh verməyib.
“Hengaw” mənbələrə istinadən bildirib ki, P.Qolvani xəstəxanaya, təhlükəsizlik qüvvələrinin dediyi kimi, yüksəklikdən yıxılaraq komaya düşdüyünə görə yerləşdirilib.
Lakin onun bacısı fəalı görmək imkanı əldə edə bilib. O bildirib ki, qardaşının bədənində, üzündə və başında böyük qançır izləri olub, bu da onun işgəncələrə məruz qalması ehtimallarını artırır.
Qeyd edək ki, illərdir Urmiyadaki təcridxanada məhbuslara qarşı işgəncə verilir və onlarla qeyri-insani rəftar edilir.
P.Qolvaninin ölüm xəbərindən bir gün öncə hüquq müdafiəçiləri Piranşəhrdən kürd siyasi məhbus Musa İsmailinin həmin təcridxanada ölməsi haqda məlumat yayıblar. 35 yaşlı M.İsmaili mayın 7-də kəşfiyyat agentləri onun avtomobilini müsadirə etdikdən sonra həbs olunub. İnsan haqları qrupları onun səbəbi açıqlanmadan 62 gün saxlanıldığını deyirlər.
“Hengaw” M.İsmailinin ailəsinə yaxın mənbəyə istinadla bildirib ki, təhlükəsizlik əməkdaşları onu hər hansı əsaslandırma, yaxud hüquqi proses və məhkəməylə bağlı sənəd təqdim olunmadan edam ediblər.