Pakistanın Baş naziri İmran Xan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı pakistanlı nazir Moskva ilə Kiyev arasında hərbi münaqişənin davam etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.
İmran Xan qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının bu yaxınlarda keçirilən 48-ci sessiyasının iştirakçıları Ukraynadakı müharibə nəticəsində təhlükəsizliyin və humanitar vəziyyətin pisləşməsindən dərin narahatlıqlarını bildiriblər.
Baş nazir vurğulayıb ki, Pakistan kimi neytral ölkələr hərbi əməliyyatların dayandırılması və münaqişənin diplomatik yolla həlli səylərində məhsuldar rol oynaya bilər.