​İranın lazer layihəsində işləməkdən imtina edən məhbus alimin azadlığa buraxılması tələb olunur

​İranın lazer layihəsində işləməkdən imtina edən məhbus alimin azadlığa buraxılması tələb olunur Müraciətdə onun böyrək xəstəsi olduğu və sağlığının pisləşdiyi də bildirilib
Region
28 Aprel , 2016 13:29
​İranın lazer layihəsində işləməkdən imtina edən məhbus alimin azadlığa buraxılması tələb olunur

Bakı. 28 aprel. REPORT.AZ/ İranlı fizik Ümit Kokebinin azad edilməsi ilə bağlı 16 min hüquq müdafiəçisi BMT-nin baş katibi Pan Gi Muna müraciət edib.

"Report" xəbər verir ki, bu haqda İrandakı islahatçılara yaxın olan "sahamnews" saytı məlumat yayıb.

Məlumata görə, hüquq müdafiəçiləri Ü.Kokebiyə qarşı İranda ədalətsizlik edildiyini vurğulayaraq, onun dərhal azadlığa buraxlımasını istəyiblər. Müraciətdə onun böyrək xəstəsi olduğu və sağlığının pisləşdiyi də bildirilib.

Xəbərə əsasən, Ü.Kokebinin həbs edilməsinə səbəb İran hökumətinin layihələrində işləməkdən imtina etməsidir. 

Qeyd edək ki, 34 yaşlı Ü.Kokebi ABŞ-ın Texas Universitetinin lazer sahəsi üzrə doktorantıdır. O, 2011-ci ildə İrana gedib. Bir müddət qaldıqdan sonra ABŞ-a qayıdarkən hava limanında tutulub. Sonra Ü.Kokebi 10 il azadlıqdan məhrum edilib.

İran tərəfi isə onu xarici universitetlər və elm mərkəzlərilə əlaqə qurmaqda ittiham edib.

Qeyd edək ki, 2008-ci ildə Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev İranda həbs edilmişdi. R.Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedərək və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.

Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da o, bu təklifi qəbul etməmişdi.

Xatırladaq ki, İran tərəfi Rəşid Əliyevi lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham edirdi. İran məhkəməsinin qərarı ilə R. Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Azərbaycanlı alim 2010-cu ilin avqustunda azad edilərək, Azərbaycana təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi