İranda koronavirusdan ölənlərin sayı 107-yə çatdı

İranda koronavirusdan ölənlərin sayı 107-yə çatdı İranda daha 15 nəfər virusun qurbanı olub.
Region
5 Mart , 2020 14:38
İranda koronavirusdan ölənlərin sayı 107-yə çatdı

İranda daha 15 nəfər virusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 107 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb.

K.Cahanpur həmçinin 739 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Qeyd edək ki, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 203-ə çatıb. Bunların 53 707 nəfəri sağalıb, 3 302 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi