Bakı. 19 fevral. REPORT.AZ/ “İran xərclərinin qarşılığını Suriyanın neft, təbii qaz və fosfor mədənlərinin hesabına ödəyə bilər”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə müşaviri Rəhim Səfəvi Tehranda Suriya ilə bağlı konfransda bildirib.
O, İranın Suriyada pay haqqının olduğunu irəli sürərək deyib: “İran Suriyadakı savaşdakı xərclərinin qarşılığını ödəmək üçün bu ölkə ilə uzun müddətə müqavilələr bağlamalıdır. Rusiya Suriya ilə 49 illiyinə müqavilə imzalayıb, hərbi, siyasi və iqtisadi sahələrdə imtiyaz əldə edib. İran da Suriya hökuməti ilə (Bəşşar Əsədi nəzərdə tutur – “Report”) siyasi və iqtisadi sahələr üzrə müqavilə imzalaya bilər. Bu yolla Suriyadakı xərclərimizi ödəyə bilərik. Hazırda İran Suriyanın fosfat mədənlərində hasilatla məşğuldur”.