“Havadarlarına arxayın olub yersiz inadkarlıq etmək erməniləri daha da çıxılmaz duruma salır” - RƏY

“Havadarlarına arxayın olub yersiz inadkarlıq etmək erməniləri daha da çıxılmaz duruma salır” - RƏY “2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan həm Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib, həm də yeni reallıqlar yaradıb. Bu gün cərəyan edən proseslər isə artıq regionda sabitliyin və inkişafın olmasında
Region
3 İyun , 2023 18:12
“Havadarlarına arxayın olub yersiz inadkarlıq etmək erməniləri daha da çıxılmaz duruma salır” - RƏY

“2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan həm Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib, həm də yeni reallıqlar yaradıb. Bu gün cərəyan edən proseslər isə artıq regionda sabitliyin və inkişafın olmasında maraqlı olan xarici güclərin də həmin reallığı qəbul etdiyini deməyə əsas verir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, hələlik Ermənistan bu reallığı tam olaraq qəbul etməyə çətinlik çəkir: “Amma onlar da gec-tez bunu qəbul edəcəklər. Nə qədər tez qəbul etsələr bir o qədər Ermənistanın və ermənilərin işinə yarayacaq. Çünki ötən hər dəqiqə, hər saat Ermənistanın ziyanına işləyir. Onlar dövlətlərinin varlığını qorumaq istəyirlərsə, reallığı qəbul edib, Azərbaycanla sülh müqaviləsini imzalamalıdırlar”.

V.İskəndərovun sözlərinə görə, əslində, yersiz inadkarlıq Ermənistanı və erməniləri bundan əvvəl də çıxılmaz vəziyyətə salıb: “30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu dövr ərzində Azərbaycanın sülh çağırışlarına məhəl qoymayıb. Nəticədə də 44 günlük Vətən müharibəsində dəmir yumruq onları darmadağın edib. Vətən müharibəsində Müzəffər Ordumuz düşmənin belini yerə vurub. Nəticədə Ermənistana kapitulyasiya sənədinə imza atmağaa məcbur etdik. Bundan sonra 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9 maddəsini icra etməli olan Ermənistan yenə də xarici havadarlarına arxayın olaraq bir daha yersiz inadkarlıq etmək istəyir. Ancaq onlar bununla özlərini hər keçən gün daha da çıxılmaz duruma salırlar. Məlum olduğu kimi Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etməsinə baxmayaraq, Azərbaycan müharibənin başa çatdığı 2,5 il ərzində döyüş meydanında qazandığı qələbədən sonra şərti sərhədlərini möhkəmləndirib. Hətta aprel ayında Laçın yolunun Ermənistanla birləşdiyi yerdə nəzarət keçid məntəqəsi də yaratmaqla, Ermənistanla sərhədlərimizə nəzarətimizi bərpa etməklə suverən ərazilərimizin bütövlüyünü təmin etmiş olduq. Yəni Azərbaycan qətiyyətli addımlar atmaqda davam edir və bundan sonra da edəcək”.

Deputat söyləyib ki, Ermənistanın və Qarabağdakı separatçı ermənilərin zaman daralıb: “Prezident İlham Əliyev Laçın rayonda laçınlılarla görüşü zamanı Ermənistana və Qarabağda yaşayan ermənilərə gələcəklərini necə təmin etməli olduqları ilə bağlı çox ciddi xəbərdarlıq da edib. Bildirilib ki, əgər Qarabağdakı separatçılar öz saxta orqanlarından, silahlılarından imtina edib vətəndaşlığımızı almaq üçün xahiş etməsələr bu məsələni də əməliyyatlar keçirməklə yoluna qoyacağıq. Bizi öz məqsədimizdən heç kim çəkindirə bilməz. Yəni, bu bir həqiqətdir ki, zaman Azərbaycanın xeyrinə işləyir və yavaş-yavaş məqsədlərimizə çatırıq. Döyüş meydanında əldə etdiyimiz qələbəni diplomatik meydanda da təmin edirik. Qeyd olunduğu kimi, Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq üçün müxtəlif beynəlxalq platformalarda görüşlər keçirilsə də, Azərbaycanı heç kim öz mövqeyindən çəkindirə bilməyib. Ona görə çəkindirə bilmirlər ki, Azərbaycanın mövqeyi ədalətə söykənib və beynəlxalq normalara əsaslanıb. Keçirilən hər bir görüşdə mövqeyimizi Ermənistana qəbul etdirməkdə müəyyən irəliləyişlərə imza ata bilirik. Məsələn, Praqada keçirilən görüşdə Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdığını rəsmən bəyan edib. Moskva görüşü ərəfəsində Paşinyan Qarabağ Azərbaycanın suverən ərazisi olduğunu və anklavlarıla bağlı müzakirələrin aparılmalı olduğunu bildirib. Moldovada keçirilən görüşdə 21 iyulda Brüsseldə yenidən görüş keçirilməsi və bu görüşə gətiriləcək məsələlər müzakirə olunub. Bu danışıqlar sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, itkin düşənlərlərlə bağlı məsələlər və başqa mövzular ətrafında olub”.

O vurğulayıb ki, bütün bunlar Ermənistanın yersiz inadkarlığına rəğmən Azərbaycanın haqlı mövqeyində hər dəfə bir qədər də irəlilədiyini təsdiqləyir: “Düzdür, müxtəlif təşəbbüslərlə keçirilən görüşlər hələ ki, konkret sənədin imzlanmasına gətirib çıxarmayıb. Amma bununla belə sülh sənədinin imzalanmasını bir qədər də yaxınlaşdırıb. Bu isə təbii ki, Azərbaycanın müharibə meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğur qazandığını təsdiqləyir. Həmin uğurların müəllifi Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin beynəlxalq siyasəti çox yaxşı bilməsi, qətiyyətli mövqeyi, siyasi iradəsi və dediyi hər bir sözün arxasında möhkəm dayanmağı növbəti uğurlara yol açır”.

Son xəbərlər

Orphus sistemi