Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin yeni səfiri Ali Kaan Orbayla görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir səfiri diplomatik missiyasının başlaması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlığın dinamik gündəliyini və gələcək münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Türkiyənin Gürcüstanın Avroatlantik səylərinə sarsılmaz dəstəyi xüsusilə vurğulanıb.
Görüşdə regiondakı hazırkı vəziyyətə də toxunulub, bölgənin uzunmüddətli tərəqqisi və inkişafı üçün sülh və sabitliyin dəstəklənməsinin zəruriliyi qeyd edilib.
Söhbət zamanı Gürcüstanla Türkiyə arasında mövcud sıx əməkdaşlıq və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi də vurğulanıb.
Sonda tərəflər Gürcüstan-Türkiyə münasibətlərinin uğurlu inkişafı üçün fəal əməkdaşlığa dair razılığa gəliblər.