Bakı. 30 avqust. REPORT.AZ/ Gürcüstanın Abastumani bölgəsində yanğının söndürülməsinə Ukrayna və Türkiyə ilə yanaş, yenidən Azərbaycan da yardım edəcək.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkmənistanda səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.
"Abastumanidə yanğın ocağı var. O, Borjomi dərəsindəki kimi böyük miqyaslı deyil. Fəal şəkildə yanğınla mübarizə aparılır. Dünən axşam Ukrayna prezident Poroşenko mənə zəng vurdu və təyyarə göndərməyi təklif etdi. Məndə olan məlumata görə, təyyarə yoldadır və yaxın zamanda yanğın olan yerə çatacaq. Buna görə də ona dərin təşəkkürümü bildirirəm. Bizə yəqin Azərbaycandan helikopter də yardım edəcək. Bu yardıma və əvvəlki halda da Azərbaycanın aviasiyasından istifadə etdiyimizə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Hesab edirik ki, belə fövqəladə vəziyyətlərdə regional əməkdaşlıq çox vacibdir", - Gürcüstanın baş naziri deyib.
Qeyd edək ki, 2017-ci ilin yayında Gürcüstan ərazisində bir sıra yanğınlar olub. Bunlardan ən böyüyü Daba kəndi yaxınlığındakı Borjomi-Xaraqauli meşəsində baş verib. Yanğını 6 günə söndürüblər. İlkin məlumatlara görə, 100 hektardan artıq sahə yanıb. Yanğının söndürülməsində Gürcüstana qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə kömək ediblər.
Borjomi-Xaraqauli meşəsində yanğını lokallaşdırdıqdan sonra Gürcüstanın daha iki bölgəsində - Kaxeti və Samtsxe-Cavaxetidə yeni yanğınlar baş verib.