Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvlərini hədələyib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, parlamentdə keçirilən dinləmələr zamanı VMHP-ni küçə müxalifəti adlandırıb.
G.Qaxaria partiyaya son qoyacağını deyib: “Mən harasa getməyə hazırlaşmıram. Mən, Gürcüstan sakinləri və seçicilər sizə son qoyacaq. Siz adi küçə müxalifətisiniz və 2020-ci ildə küçədə qalacaqsınız”.
O, müxalif partiyanı yalan və böhtanda ittiham edib.
VMHP-dən olan deputatlar iclas zalını tərk ediblər. Dinləmələrə fasilə verilib. Müxalif millət vəkilləri parlament qarşısında keçirilən etiraz aksiyasına qoşulublar.
Parlamentdə dinləmələr zamanı VMHP fraksiyası böyük monitorda Tbilisidə iyunun 20-21-də baş verən hadisələri əks etdirən videoçarx yayımlayıb. Videoçarxda baş verən hadisələrdə G.Qaxarianın günahkar olduğu qeyd olunub.