"Ana dilimiz unutdurulur, ayrı-seçkiliyə məruz qalırıq" - Gürcüstandakı azərbaycanlı gənclər problemlərdən danışırlar

"Ana dilimiz unutdurulur, ayrı-seçkiliyə məruz qalırıq" - Gürcüstandakı azərbaycanlı gənclər problemlərdən danışırlar Gürcüstanda son illər keçirilən sorğu və araşdırmaların nəticələrinə əsasən işsizlik ölkə gənclərini narahat edən əsas problemdir. Bu məsələ hələ də qonşu ölkənin ən ciddi problemidir və işsizliyin ən yüksək səviyyəsi gənclər arasında qeydə alınıb.
Region
4 Oktyabr , 2019 11:03
Ana dilimiz unutdurulur, ayrı-seçkiliyə məruz qalırıq - Gürcüstandakı azərbaycanlı gənclər problemlərdən danışırlar

Gürcüstanda son illər keçirilən sorğu və araşdırmaların nəticələrinə əsasən işsizlik ölkə gənclərini narahat edən əsas problemdir. Bu məsələ hələ də qonşu ölkənin ən ciddi problemidir və işsizliyin ən yüksək səviyyəsi gənclər arasında qeydə alınıb.

“Report”un yerli bürosu Gürcüstanın bir neçə azərbaycanlı gənci arasında sorğu keçirərək onları narahat edən ən əsas problemlərlə maraqlanıb.

Marneuli rayonunun Aşağı Saral kəndinin sakini, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Səkinə Rüstəmova:

- Gürcüstanda Azərbaycan dili ilə bağlı vəziyyət məni çox narahat edir. Azərbaycandilli məktəblərdə Azərbaycan dilinin tədrisi aşağı səviyyədədir. Biz azərbaycanlı olaraq ana dilimizi yaşatmalıyıq. Doğma dilimizi bilməsək, başqa dili öyrənə bilmərik. Azərbaycan ədəbiyyatı ilə bağlı vəziyyət də, təəssüf ki, qaneedici deyil. Azərbaycandilli məktəblərdə ədəbiyyatın tədrisi yox olmaq səviyyəsindədir. Azərbaycanlı şagirdlər Azərbaycanın şairləri, yazıçıları, dastanları və digər ədəbiyyat nümunələrini tanımırlar. Hesab edirəm ki, Gürcüstanda azərbaycanlılar arasında milli dəyərlərin yaşadılması istiqamətində fəaliyyətin gücləndirilməsinə böyük ehtiyac var.

Marneuli rayonunun Şulaver kənd sakini, Suxum Dövlət Universitetinin I kurs tələbəsi Ramil Qəhrəmanov:

- Azərbaycan dili ilə bağlı problem ən əsas problem olsa da, gürcü dilinin tədrisi də biz gəncləri narahat etməyə bilməz. Hesab edirəm ki, Azərbaycan və gürcü dilinin tədrisi bərabər səviyyədə inkişaf etdirilməlidir. Bu, daha da effektiv olar. Azərbaycanlıların yaşadığı kəndlərin məktəblərində gürcü dilinin tədrisi zəifdir. Bu səbəbdən də gənclər qarşılarına qoyduqları hədəflərə çatmaq üçün maneələrlə üzləşirlər. Çalışqan və təhsilin yüksək səviyyədə olmasını arzulayan insan üçün bu iki dili eyni səviyyədə öyrənmək problem deyil. Digər məsələlərdən biri də odur ki, Gürcüstanda işsizlik ən ciddi problemlərdən biridir və əlbəttə ki, bu problem azərbaycanlı gəncləri də əhatə edir. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və digər xarici ölkələrin şirkətləri biz gənclərə təcrübə proqramı təklif edə bilərlər.

Azərbaycanlı gənclər üçün digər problematik məsələ kimi ailədaxili münasibətləri göstərə bilərəm. Təəssüflər olsun ki, əksər gənclərimizi həyatda ailələri yönəldirlər. Bura erkən evlilik, uşağı orta məktəbdən çıxarıb peşə təhsilinə yönəltmək və digər bu kimi problemləri daxil etmək olar. Bu cür ailələrdə valideynlər övladlarının potensialına önəm vermirlər. Belə azərbaycanlı ailələr çoxluq təşkil edirlər. Ali məktəblərdə öz seçimi üzrə təhsil almayan gənclərimiz də çoxdur.

Hesab edirəm ki, ailələr arasında maarifləndirilmə işləri aparılmalıdır. Gənclərimiz valideynlərinə qarşı çıxmağa cəhd etmirlər. Bu daha çox ailədaxili mənəvi bağlılıqla əlaqəlidir. Valideynlər və övlad arasında münasibətlər dostcasına olmalıdır.

Bolnisi rayonunun Arıxlı kənd sakini, Gürcüstan Texniki Universitetinin Farmakologiya fakültəsinin I kurs tələbəsi Nüşabə İsmayılova:

- Gürcüstanda Azərbaycan dili və ədəbiyyatının tədrisi çox zəifdir. Azərbaycanlı şagirdlərin Azərbaycan dili və ədəbiyyatına meyilləri getdikcə azalır. Müəllimlər isə şagirdlər arasında bu fənlərə marağın azalmamasına çalışırlar, lakin uşaqların ətrafı, gürcü dostlar və s. bu marağın güclənməsinə mane olur. Ana dilimizi yaxşı səviyyədə bilməyəndə də digər elmləri gürcü dillində qavramaq çox çətin olur. Azərbaycanlı gənclər arasında ana dilində danışıq qabiliyyəti zəifdir. Öz dilimizdə bədii ədəbiyyat oxumaq, teatr tamaşalarına baxmaq imkanlarımız çox məhduddur. Bu mənada Azərbaycanın televiziya kanalları müəyyən mənada köməyimizə çatır.

Bəzi sahələrdə milli azlıq və müsəlman olduğumuza görə müəyyən ayrı-seçkiliklərlə qarşılaşırıq. Lakin öz haqqımızı tələb edəndə bu cür halların qarşısını almaq olur. Ayrı-seçkilik hallarına əsasən, işə qəbul prosesində rast gəlinir. Bütün tələblərə cavab verən gənclərimizə işə düzəlmədə bəzi maneələr yaradılır.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Səxavət Bediyev:

- Azərbaycanlı gənc olaraq Gürcüstanda Azərbaycan dili və ədəbiyyatının tədrisinin aşağı səviyyədə olması məni çox narahat edir. Bundan başqa, azərbaycanlı gənclərin, xüsusən də kəndlərdə yaşayanların özünü inkişaf etdirmək imkanları məhduddur. Azərbaycanlı gənclər üçün inkişaf mərkəzlərinin sayı olduqca azdır. Fəaliyyət göstərən mərkəzlər rayon mərkəzlərində və ya şəhərlərdə olduğundan onlar kənd gəncləri üçün əlçatan deyil. Hesab edirəm ki, azərbaycanlıların yaşadıqları böyük kəndlərdə bu cür mərkəzlər yaradılsa, gənclər üçün çox faydalı olar. Bəzi fəal azərbaycanlı gənclər öz hesablarına müəyyən mərkəzlər yaradıblar. Lakin bu işdə dövlət dəstəyi olmalıdır.

Gürcü dilinin tədrisinə gəldikdə, məncə, gənclərimizin gürcü dilini bilməməsi öz günahlarıdır. Məsələn, mən gürcü dilini ali məktəbdə öyrənmişən. Düzdür, universitetlərdə gürcü dilini tədris edən müəllimlərin əksəriyyəti yaşlı kadrlardır. Gənc kadrlar, demək olar ki, yoxdur. Dil tədrisində praktiki dərs üsulu ilə tətbiq olunmur. Gürcü dili bu üsulla öyərdilsəydi, daha effektiv olardı.

Milli azlıq olduğumuza görə bəzi dövlət və özəl qurumlarında bizə qarşı müəyyən diskriminasiya hallarına yol verilir. Yerli özünü idarəetmə orqanlarında çalışan azərbaycanlıların fəaliyyəti passivdir. Azərbaycanlıların yaşadığı kəndləri narahat edən sosial və infrastruktur problemləri həmin orqanların diqqətindən kənarda qalır.

Son xəbərlər

Orphus sistemi