Bakı. 18 aprel. REPORT.AZ/ Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları nüvə materialının qanunsuz satışı ilə məşğul olmağa cəhd göstərən 6 nəfəri saxlayıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi Savle Motiaşvili aprelin 18-də mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, saxlanılanlardan 3-ü Ermənistan, 3-ü isə Gürcüstan vətəndaşıdır. Müstəntiq deyib ki, saxlanılanlardan birinin evindən zavodda hazılanmış və içərisində uran (U238) olan konteyner aşkar edilərək götürülüb: "Radioloji ekspertiza müayinəsi nəticəsində bu maddənin insan sağlamlığına təhlükəli olduğu müəyyənləşib".
S.Motiaşvili deyib ki, onlar əldə etdikləri radioaktiv maddəni 200 milyon dollara satmağa cəhd edərkən tutulublar.
Faktla bağlı cinayət işi başlanıb. Cinayətləri sübut olunacağı halda, saxlanılanlar 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilərlər.