Gürcüstanın Kvemo Kartli bölgəsində, Tetritskaro bələdiyyə meriyasının əməkdaşı rüşvətalma ittihamı ilə saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, meriyanın Əmlakın idarə olunması şöbəsinin rəhbəri olan Laşa K. adlı şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Türkiyə vətəndaşına bələdiyyə ərazisində torpaq sahəsi icarəyə verib.
Məmur bunun əvəzində xarici ölkə vətəndaşından min lari (təxminən 340 dollar) məbləğində rüşvət alıb.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi altı ildən doqquz ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.