Bu ilin I rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1 202,7 lariyə (393 ABŞ dolları) bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əməkhaqqı 110 lari və yaxud 10,1% artıb.
Hesabat dövründə ən yüksək maaş 2 596,4 lari (848 dollar) olmaqla maliyyə və sığorta sahəsində müşahidə olunub. İllik müqayisədə məbləğdə 37,1% artım qeydə alınıb.
Əmək haqqının yüksək olduğu digər sektorlara informasiya və kommunikasiya (1 887,9 lari/616 dollar), peşə, elmi və texniki fəaliyyət (1 794,8 lari/586 dollar), tikinti (1 703 lari/556 dollar) daxildir.
Yanvar-mart aylarında qonşu ölkədə iqtisadiyyatın əksər sahələrində kişilər qadınlarla müqayisədə daha yüksək əməkhaqqı alıblar. Belə ki, kişilərin orta aylıq maaşı 1 423,9 lari (465 dollar), qadınların maaşı isə 960,4 lari (314 dollar) təşkil edib.