“Sosial yardım əvəzinə biz əməkqabiliyyətli vətəndaşlara iş təklif etməliyik. Biz bu istiqamət üzrə fəaliyyətə başlamışıq və yaxın həftələrdə Avropa ölkələrində uğurla tətbiq olunan proqramı ictimaiyyətə təqdim edəcəyik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
O bildirib ki, bu gün ölkədə təxminən 600 min nəfər sosial təminatsız vətəndaş var ki, onların təqribən yarısı əməkqabiliyyətlidir və iş axtarışında, həyat şəraitini yaxşılaşdırmaqda maraqlı deyil.
İ.Qaribaşvilinin sözlərinə görə, ölkədə hər şəhər və bələdiyyədə minlərlə vətəndaş üçün ictimai iş yerlərinin yaradılması nəzərdə tutulub: “Vətəndaşlarımız iki və ya üç yerdə işləyib ailələrinə daha çox gəlir gətirə bilərlər”.
Hökumət başçısı qeyd edib ki, proqramın hazırlanması məqsədilə baş nazirin müavini, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvilinin rəhbərliyi altında işçi qrupu yaradılacaq.