Gürcüstanda etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-3

Gürcüstanda etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-3 Gürcüstanın Tbilisi və Batumi şəhərlərində “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin nümayiş olunmasına qarşı keçirilən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 27 nəfərə çatıb.
Region
9 Noyabr , 2019 02:29
Gürcüstanda etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-3

Gürcüstanın Tbilisi və Batumi şəhərlərində “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin nümayiş olunmasına qarşı keçirilən etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 27 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dörd nəfər barəsində cinayət işi başladılıb.

“Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə və Batumidə 173 (hüquq-mühafizə orqanının əməkdaşının qanuni əmrinə tabe olmamaq) və 166 (kiçik xuliqanlıq) maddələri üzrə ümumilikdə 27 nəfəri tutub. Onlardan 24-ü Tbilisidə, üçü isə Batumidə saxlanılıb”. 


***21:30 - 08.11.2019

Tbilisidə “Amirani” kinoteatrının qarşısında, Merab Kostava küçəsində 11 etirazçı saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu günə təyin olunan filmin nümayişləri başlayıb və davam etdirilir.

Polis əməkdaşları kinoteatrların yaxınlığında ictimai asayişin qorunmasını təmin edir.


***20:06

Tbilisidə “Amirani” kinoteatrının qarşısında iki etirazçı saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

Aksiyanın bir neçə iştirakçısı pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb. Onlara ilkin tibbi yardım göstərilib.

Etirazçılar tamaşaçıların kinoteatra daxil olmasına imkan vermirlər. Kinoteatr qarşısında vəziyyət gərgin olaraq qalır.

Tbilisinin ticarət mərkəzlərində yerləşən kinoteatrlar və Batumi şəhərinin “Apollo” kinoteatrı yaxınlığında da etiraz aksiyaları keçirilir.

Gürcüstanın Daxili İşləri Nazirliyi etirazçıları qanunun tələblərinə riayət etməyə çağırıb.

Bu arada ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidəki etirazlarla bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını kütləvi aksiyalar olan ərazilərdən uzaq olmağı tövsiyə edib.


*** 19:07

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən “Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin bir neçə saatdan sonra keçiriləcək premyerasıdır.

Ultramillətçilər kinoteatra daxil olmağa cəhd ediblər. Polis onların qarşısını alıb. Etirazçılar filmin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

Millətçilərin təmsil olunduğu “Gürcü marşı” təşkilatı və onun tərəfdarları “Amirani” kinoteatrı yaxınlığında LGBT bayrağını yandırıblar.

Gürcü rejissor Levan Akinin eynicinsli iki gəncin sevgisindən bəhs edən ekran əsəri Gürcüstan cəmiyyətində böyük narazılıq doğurub. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

Səs-küylü filmin noyabrın 10-dək Tbilisi ilə yanaşı, Batumi kinoteatrlarında da nümayiş etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, “Və sonra biz rəqs etdik” filmi Gürcüstanın “Takes Film” və İsveçin “French Quarter Film” şirkətlərinin birgə istehsalıdır. Qalmaqallı və ziddiyyətli ekran əsəri son illərin ən uğurlu gürcü filmlərindən biri hesab olunur.

Son xəbərlər

Orphus sistemi