Gürcüstan parlamentində Dövlət Müfəttişliyi Xidmətinin ləğvini nəzərdə tutan qanun layihəsinə tezləşdirilmiş qaydada baxılmasına başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, sənədə əsasən, Xidmət ləğv ediləcək və bazasında iki qurum – Xüsusi İstintaq Xidməti və Şəxsi Məlumatların Mühafizəsi Xidməti yaradılacaq.
Hakim Gürcü Arzusu Partiyasının təşəbbüskarı olduğu layihə Prezident Salome Zurabişvilinin və parlamentdə təmsil olunan müxalifətin kəskin mənfi reaksiyası ilə qarşılanıb. Dövlət başçısı hesab edir ki, rəhbərinin analıq məzuniyyətində olduğu Xidmətin ləğvi yolverilməzdir. O, qanun layihəsinə baxılmasının dayandırılmasını təklif edib.
Dövlət müfəttişi Londa Toloraya “Gürcü Arzusu”nun təşəbbüsünün onun üçün gözlənilməz olduğunu və bu barədə mətbuatdan öyrəndiyini bildirib. O, qanunverici orqanı qanunun qəbulu prosesini dayandırmağa çağırıb.
“Gürcü Arzusu”ndan isə bildirilib ki, təşəbbüs Dövlət Müfəttişliyi Xidmətinin ləğvini nəzərdə tutmur, söhbət qurumun yenidən formalaşdırılması və səlahiyyətlərinin genişləndirilməsindən gedir.
Qeyd edək ki, Gürcüstanda Dövlət Müfəttişliyi Xidmətinin yaradılması barədə qanun 2018-ci ildə qəbul olunub. Müstəqil dövlət institutunun əsas fəaliyyət istiqaməti şəxsi məlumatların mühafizəsi və müəyyən vəzifə cinayətlərinin araşdırılmasından ibarətdir.