Tbilisi. 9 aprel. REPORT.AZ/ Bu gün Gürcüstan ictimaiyyəti 1989-cu il aprelin 9-da Gürcüstanın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini anır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də 9 Aprel şəhidlərinin xatirəsinə ehtiramını bildirib.
Səfir Dursun Həsənov səfirliyin və konsulluğun, hərbi attaşe aparatının və digər aidiyyəti qurumların nümayəndələri aprelin 9-da Tbilisinin mərkəzində, Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.
Səfir Gürcüstanın dövlət və hökumət üzvləri ilə görüşərək baş sağlığı verib, Azərbaycan xalqının daim dost və qardaş gürcü xalqının yanında olduğunu bildirib.
Qeyd edək ki, aprelin 8-i axşam saatlarından başlayaraq ictimaiyyət nümayəndələri abidəni ziyarət edir. Aprelin 9-da Gürcüstan prezidenti, baş nazir, nazirlər Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.




