Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb Səfirliyin əməkdaşları 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun ailəsinə baş çəkiblər
Region
19 Yanvar , 2017 17:58
Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Tbilisi. 19 yanvar. REPORT.AZ/ Gürcüstanda 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanların xatirəsi yad olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə şəhid ailələri ilə görüşlər keçirilib, onlara yardım göstərilib.

Yanvarın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Saqareco rayonunun Qaraçöp kəndində olublar.

Səfirliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri əvvəlcə kənddə 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra səfirliyin əməkdaşları 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun ailəsinə baş çəkiblər.

Səfirliyin əməkdaşları Hacı Hacıyev, Fuad İbrahimov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, şuranın Qaraçöp üzrə nümayəndəsi Ağabalı Xeyirxəbərov çıxış edib, Qanlı Yanvar faciəsinin səbəbləri və nəticələri barədə məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, Qanlı Yanvar hadisəsi qurbanları arasında 5 nəfər Gürcüstan azərbaycanlısı var. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar.

Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.

Şəhidin qardaşları Əmir və Nəriman Qayıbovlar göstərilən diqqət və qayğıya görə, minnətdarlıq ediblər.

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində də şəhidlərin xatirəsi ehtiramla yad olunub. Faciə nəticəsində şəhid olmuş Faxralı kənd sakini İlqar Əhmədovun məzarı önündə anma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Sonra şəhid İlqar Əhmədovun ata evində ehsan süfrəsi açılıb. Şəhidlərin ruhuna dualar oxunub.

Səfilik adından şəhid ailəsinə ərzaq yardımı göstərilib.

Marneuli rayonunun Kirac –Muğanlı kəndində isə şəhid Vəfadar Eminovun xatirəsi anılıb. Burada da şəhidin ailəsinə yardım göstərilib, onun ailə üzvləri və kənd ağsaqqalları ilə görüş keçirilib.

Şəhidin yaxınları, kənd ağsaqqalları bu diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi