Gürcüstan uğrunda şəhid olan azərbaycanlının xatirəsi Marneulidə əbədiləşdirilə bilər

Gürcüstan uğrunda şəhid olan azərbaycanlının xatirəsi Marneulidə əbədiləşdirilə bilər Gürcüstanda Abxaziya müharibəsində (1992-1993) həlak olmuş Ənvər Hümbətovun doğulduğu Marneuli rayonunda xatirəsinin əbədiləşdirilməsi ilə bağlı petisiya hazırlanıb
Region
29 Dekabr , 2021 16:46
Gürcüstan uğrunda şəhid olan azərbaycanlının xatirəsi Marneulidə əbədiləşdirilə bilər

Gürcüstanda Abxaziya müharibəsində (1992-1993) həlak olmuş Ənvər Hümbətovun doğulduğu Marneuli rayonunda xatirəsinin əbədiləşdirilməsi ilə bağlı petisiya hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəd bu gün şəhidin yaxınlarının iştirakı ilə Marneuli sakrebulosuna (şəhər şurası) təqdim olunub.

Təşəbbüsün müəllifi ictimai fəal Samirə Bayramovanın sözlərinə görə, Ə.Hümbətovun adının yaşadılması üçün bir neçə təklif irəli sürülüb: “Həmin təkliflərə Marneulidə yerləşən 9 Aprel memorialının yaxınlığında müharibə qəhrəmanının xatirə lövhəsi və ya abidəsinin qoyulması, ya da küçələrdən birinə onun adının verilməsi daxildir”.

O bildirib ki, petisiya üçün 1 300-ə yaxın imza toplanıb ki, bu da tələb olunandan 200-300 imza çoxdur: “Təşəbbüsümüzün əsas məqsədi yerli azərbaycanlı və gürcülər arasında həmrəyliyə töhfə vermək və Marneuli sakinlərində vətənpərvərlik hissinin gücləndirilməsidir”.

S.Bayramova qeyd edib ki, şəhidin həyat yoluna həsr olunacaq sənədli filmin hazırlanması ilə bağlı müəyyən planlar da var və bu istiqamətdə müzakirələr aparılır.

Fatma Hümbətova həyat yoldaşının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təşəbbüsü alqışlayıb və S.Bayramovaya minnətdarlığını bildirib: “Ənvərin adının yaşadığı Rustavi şəhərində küçələrdən birinə verilməsini də istərdik. Təşəbbüsün ərsəyə gəlməsində səylərini əsirgəməyənlərə təşəkkür edirəm”.

Müraciətin təqdim edilməsindən öncə Marneuli meriyasının binası qarşısında Ə.Hümbətovun fotoşəkilləri və haqqında məlumatlar nümayiş olunub.

Qeyd edək ki, Ə.Hümbətov 1950-ci ilin yanvarın 1-də Marneulinin Məscidli Görarxı kəndində anadan olub. O, 1993-cü il iyulun 4-də Abxaziya müharibəsi zamanı hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşərək mühasirədə qalan dəstəni xilas edib və 43 yaşında şəhid olub. Döyüşçünün bu fədəkarlığı sayəsində 25-30 nəfərin ölümdən xilas olunduğu bildirilir.

O, 1994-cü ildə “Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə” “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub. Tbilisinin mərkəzi “Qəhrəmanlar meydanı”nda 2010-cu ildə açılan, Gürcüstanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin xatirəsinə həsr olunan “Qəhrəmanlar qülləsi” xatirə abidəsində soydaşımızın da adı qızılı hərflərlə həkk olunub.

Son xəbərlər

Orphus sistemi