Gürcüstan və Rusiya arasında danışıqların bu ilin yazına planlaşdırılan növbəti mərhələsi təxirə salınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.
O, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasinlə son danışıqların ötən ilin noyabrında baş tutduğunu deyib: “Növbəti görüşün dəqiq tarixi müəyyən olunmamışdı. Biz Ukraynada vəziyyətin inkişafını izləyəcəyik. Belə bir vəziyyətdə bu görüşün keçirilməsi məqsədəuyğun deyil”.
Qeyd edək ki, Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ildə kəsilib. Abaşidze-Karasin danışıqları 2012-ci ildən iki ölkə arasında yeganə qeyri-rəsmi dialoq formatıdır. Bu platformada ticarət, turizm və humanitar məsələlərin müzakirəsi aparılır.