Gürcüstan qonşu müsəlman ölkələri dini ekstremizmə qarşı birgə mübarizəyə çağırıb

Gürcüstan qonşu müsəlman ölkələri dini ekstremizmə qarşı birgə mübarizəyə çağırıb “Gürcüstan qonşu müsəlman ölkələr olan Azərbaycan, Türkiyə və İranla dini ekstremizmə qarşı birgə mübarizə aparmağa hazırdır”.
Region
18 Dekabr , 2019 13:49
Gürcüstan qonşu müsəlman ölkələri dini ekstremizmə qarşı birgə mübarizəyə çağırıb

“Gürcüstan qonşu müsəlman ölkələr olan Azərbaycan, Türkiyə və İranla dini ekstremizmə qarşı birgə mübarizə aparmağa hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Tbilisidə dini ektremizmin qarşısının alınmasında sağlam dini maarifləndirmənin rolu mövzusunda keçirilən konfransda bildirib.

O, Gürcüstanda dini ekstremizmin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Agentlik rəhbərinin sözlərinə görə, Gürcüstan hökuməti ölkədə fəaliyyət göstərən ənənəvi dini birliklərə maddi və mənəvi dəstək göstərir.

Sağlam dini tədris və maarifləndirmənin əhəmiyyətinə toxunan Z.Vaşakmadze bu sahədə Azərbaycan, Türkiyə və İranın aidiyyəti qurumları ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi agentliyin qonşu müsəlman ölkələrlə bu sahədə əməkdaşlığa hazır oludğunu bildirib.

Konfransda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov rəhbərlik etdiyi qurumun ölkədə dini maarifləndirmə ilə bağlı təşkil etdiyi təlim və seminarlardan söz açıb. O qeyd edib ki, GMİ-nin əsas fəaliyyət istiqamətlərindən biri ölkənin müsəlman vətəndaşları arasında radikallaşma meyllərinin qarşısının alınmasıdır.

İdarənin müftisi Hacı Yasin Əliyev isə bildirib ki, GMİ Gürcüstanda olan din və məshəblər arasında birlik və bərabərliyi qoruyub saxlamağa çalışır. O, Gürcüstanda İslam dininin məqsədyönlü şəkildə gözdən salınması və yanlış formada təbliğatının qəbuledilməz olduğunu deyib.

Toplantı Azərbaycan, Türkiyə və İrandan dəvət olunan din xadimləri və dinşünas alimlərlərin çıxışları ilə davam etdirilib. Tədbirdə qeyd olunan ölkələrin Gürcüstandakı səfirliklərinin nümayəndələri də iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi