Bakı. 27 iyun. REPORT.AZ/ Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Ukraynanın dövlət başçısı Petro Poroşenkonun Tbilisiyə qarşıdakı səfəri zamanı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ekstradisiyası mövzusuna toxunmaq niyyətində deyil.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Gürcüstan prezidentinin mətbuat katibi Eka Mişveladze bildirib.
"Hər iki ölkə üçün əsas məsələlərin nəzərdən keçiriləcəyi Ukrayna prezidentinin Gürcüstana səfəri əhəmiyyətlidir. Qarşıdakı görüşün ilkin gündəliyinə belə məsələ salınmayıb, Marqvelaşvilinin özü də bu məsələni qaldırmağı planlaşdırmır", - E.Mişveladze vurğulayıb.
Qeyd edək ki, Poroşenkonun Gürcüstana səfəri iyulun ortalarına planlaşdırılır. Ötən həftə Gürcüstanın baş prokurorunun keçmiş müavini və Saakaşvilinin Ukraynadakı silahdaşı David Sakvarelidze Ukrayna hökumətinin Saakaşvilinin ekstradisiya edilməsi məsələ ilə bağlı Gürcüstanın hakim partiyasının lideri, milyarder Bidzina İvanişvili ilə danışıqlar apardığını söyləyib.
Bundan əvvəl isə Ukrayna baş prokurorunun müavini Yebgeni Yenin Saakaşvilinin artıq Ukrayna vətəndaşı olduğunu və bu səbəbdən onun Gürcüstana ekstradisiyasının qeyri-mümkün olduğunu bildirib.