Gürcüstan parlamentində azərbaycanlıların problemləri qaldırılıb

Gürcüstan parlamentində azərbaycanlıların problemləri qaldırılıb Tbilisi. 7 fevral. REPORT.AZ/ Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev yerli azərbaycanlıları narahat edən bir neçə problemli məsələləri qaldırıb.
Region
7 Fevral , 2019 17:05
Gürcüstan parlamentində azərbaycanlıların problemləri qaldırılıb

Tbilisi. 7 fevral. REPORT.AZ/ Gürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev yerli azərbaycanlıları narahat edən bir neçə problemli məsələləri qaldırıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, qanunverici orqanda ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili rəhbərlik etdiyi qurumun hesabatını təqdim edib.

M.Batiaşvilinin çıxışından sonra S.Mirzəyev yerli azərbaycanlıların təhsil və mədəniyyəti ilə bağlı problemlər və icmanı narahat edən məsələləri nazirin diqqətinə çatdırıb: “Hesabatınızı çox diqqətlə dinlədim. Təəssüflər olsun ki, çıxışınızda qeyri-gürcü dilli məktəblər haqqında konkret addımlarınızı açıqlamadınız. Bildirmək istəyirəm ki, hazırda bölgəmizdə onlarla qeyri-gürcü dilli məktəbin direktoru yoxdur və bu, böyük problemdir”.

Deputat uzun illərdir acınacaqlı vəziyyətdə olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının məsələsinə də toxunub: “Bildiyiniz kimi, teatra yeni bədii rəhbər təyin olunub. Truppa nümayəndələri ilə görüşməyə vaxt ayırmağınızı sizdən xahiş edirəm. Teatr kollektivi bu xahişi sizə çatdırmağımı istəyib. Xatırladım ki, teatr çətin şəraitdə fəaliyyət göstərir. Biz illərdir bu problem barədə danışsaq da, təəssüflər olsun ki, bu problem qalmaqda davam edir”.

S.Mirzəyev çıxışının sonunda milli azlıqların ali məktəblərə qəbulu üçün nəzərdə tutulmuş “1+4” proqramı barədə də danışıb: “Bu proqram haqqında da bizə məlumat verməyinizi xahiş edirik. Buraxılış imtahanlarının ləğvi əhalidə bir çox suallar doğurub. Milli azlıq nümayəndələri gələcəkdə bu proqramın da ləğv oluna biləcəyi barədə maraqlanırlar. Yaxşı olardı ki, bu istiqamət üzrə də detallı şəkildə məlumat verəsiniz”.

Son xəbərlər

Orphus sistemi