İranda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi ABŞ-da mükafata layiq görülüb

İranda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi ABŞ-da mükafata layiq görülüb Güney Azərbaycanın Zəncan şəhərindən olan, məhbus, yazıçı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Amerika Yazıçılar Assosiasiyasının illik “Yazı Azadlığı Mükafatı”na layiq görülüb.
Region
19 May , 2023 13:26
İranda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi ABŞ-da mükafata layiq görülüb

Güney Azərbaycanın Zəncan şəhərindən olan, məhbus, yazıçı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Amerika Yazıçılar Assosiasiyasının illik “Yazı Azadlığı Mükafatı”na layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Məlumata görə, hazırda Nərgiz Məhəmmədi İranda həbsxanada təkadamlıq kamerada mənəvi işgəncəyə məruz qalaraq saxlanılır.

Bildirilib ki, Nyu-York şəhərində keçirilən toplantıda mükafat həyat yoldaşı Təqi Rəhmaniyə təqdim edilib. Tədbir üçün göndərdiyi mesajda Nərgiz Məhəmmədi İrandakı "misoqinist (qadınlara nifrət edən mənasında - red.), repressiv və teokratik rejim”i devirməyə çağırıb.

O, bu il mayın 17-də edam edilmiş Yusuf Mehrad və Sədrullah Fazeli, habelə həbsdə olarkən müalicə olunması səbəbindən vəfat etmiş şair, kinorejissor Bektaş Abtini də xatırlayıb. Bildirib ki, Yusuf Merad və Sədrulah Fazeli islamı təhqir edən kitab və məqalə yazdıqları üçün deyil, sosial şəbəkədə bir neçə ismarış mübadiləsi etdikləri üçün edam olunublar.

Amerika Yazıçılar Assosiasiyasının baş direktoru Suzan Nossel açıqlamasında Nərgiz Məhəmmədinin İran hakimiyyətinin onu susdurmaq üçün israrlı cəhdlərinə qarşı göstərdiyi cəsarət və müqavimətə görə dünya üçün ilham mənbəyi olduğunu bildirib.

Xatırladaq ki, mükafatın təqdimat mərasimində tanınmış yazıçı Salman Rüşdi də iştirak edib. O, “İran İnternational”a müsahibəsində iranlı qadınları tərifləyərək deyib: “İranlı qadınlara rəğbətimi bildirirəm. Onlar cəsarətlə və inadla döyüşürlər. Onlara uğurlar arzulayıram”.

S.Rüşdi müxbirin “İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə nəsə demək istəyirsiniz” sualına “yox” deyə cavab verib. Yeri gəlmişkən, “Şeytan ayələri” kitabına görə İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyni onun barəsində ölüm fətvası vermişdi. 2022-ci ilin yayında isə S.Rüşdi bıçaqlı hücuma məruz qalmış və bir gözünü itirmişdi.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi