Ermənistanda müxalifət Paşinyanın istefasında israrlıdır

Ermənistanda müxalifət Paşinyanın istefasında israrlıdır Ermənistan müxalifəti nümayişlərini davam etdirəcək
Region
149
20 Mart , 2021 04:37
Ermənistanda müxalifət Paşinyanın istefasında israrlıdır

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı artıq bir neçə həftədir etiraz aksiyası keçirən Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat”ın üzvləri hökumətin erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı qəbul etdiyi qərara baxmayaraq əsas tələblərinin yerinə yetirilmədiyi üçün nümayişlərini davam etdirəcəklər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, müxalifətin əsas şərtlərindən biri yerinə yetirilməyib - növbədənkənar parlament seçkilərinin hazırlanması və keçirilməsi zamanı Paşinyanın vəzifəsindən faktiki getməsi.

Belə ki, seçkilər baş nazirin elan etdiyi kimi 20 iyun tarixində baş tutacaqsa, mövcud qanunvericiliyə görə bir neçə şərt yerinə yetirilməlidir. Beləliklə, ilk addım aprelin ikinci yarısından gec olmayaraq kabinet rəhbərinin rəsmi istefası olmalıdır. Bundan sonra parlamentin formal olaraq yeni baş naziri seçmək üçün iki həftəsi olacaq.

Belə ki, parlamentdə təmsil olunan bütün siyasi partiyalar iki həftə ərzində öz namizədlərini irəli sürməyəcəyi təqdirdə parlament buraxılmış olacaq. Nəticədə, Ermənistan prezidenti artıq təyin edilmiş erkən seçkilərin tarixini təyin etmək hüququna sahib olacaq.

Bu zaman Paşinyanın özü və kabinetinin üzvləri qanuna əsasən tutduqları vəzifəni icra edəcək və faktiki olaraq hakimiyyətdə qalacaqlar.

“Mövcud hökumət dövründə keçiriləcək seçkilər yeni siyasi böhrana səbəb ola bilər. Odur ki, seçkilərdə Nazirlər Kabinetinə rəhbərlik etməyə namizəd olmayan şəxs iştirak etməlidir. Bizə görə Vazqen Manukyan Ermənistanın keçid hökumətinin baş naziri olmalıdır. Buna görə etiraz aksiyalarımızı davam etdirəcəyik”-deyə, İşxan Saqatelyan əlavə edib.

Son xəbərlər

Orphus sistemi