Bakı. 13 yanvar. REPORT.AZ/ Yerevan məhkəməsi növbəti dəfə Ermənistanda çevriliş planlaşdıran silahlı qrup yaradılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesini təxirə salıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, dinləmələr təqsirləndirilən şəxslərdən birinin - keçmiş müdafiə naziri müavini Vaan Şirxanyanın gəlməməsi səbəbindən baş tutmayıb.
Qeyd edək ki, məhkəmənin 2016-cı il dekabrın 2-də keçirilməli olan ilk iclası da V.Şirxanyanın olmaması səbəbinə görə təxirə salınıb. V.Şirxanyanın vəkili təqsirləndirilən şəxsin sağlamlığındakı problemlərlə əlaqədar məhkəmə zalına yalnız xərəkdə gələ biləcəyini vurğulayıb.
Hakim məhkəmə dinləmələrini 2017-ci il yanvarın 20-dək təxirə salıb.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) 2015-ci il noyabrın 25-də Yerevanda Ermənistan vətəndaşı Artur Vardanyanın rəhbərlik etdiyi silahlı qruplaşmanı saxladığını bəyan edib. MTX-nin məlumatına görə, hərbi əməliyyatlarda iştirak təcrübəsinə və hərbi bacarıqlara malik A.Vardanyan hakimiyyəti ələ keçirmək məqsədilə cinayət qruplaşması yaradıb. 2015-ci ilin may ayından A.Vardanyan Ermənistan vətəndaşlarının qruplaşmaya cəlb edilməsinə, silah və sursat axtarışlarına, eləcə də hakimiyyətin ələ keçirilməsinə yönəlmiş digər addımlar atmağa başlayıb. MTX A.Vardanyanın silahlı qruplaşmasının 2015-ci il noyabr ayının ortalarında Ermənistanda dövlət çevrilişi etməyi planlaşdırdığını bildirib.