Bakı. 24 iyun. REPORT.AZ/ Ermənistanda etiraz aksiyasının təşkilatçıları əhalini iyunun 25-də Yerevanda keçiriləcək mitinqə çağırıblar.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
"Biz əhalini sabah saat 18:00-da "Azadlıq" meydanına toplaşmağa və Baqramyan prospektindən birlikdə mitinqə getməyə çağırırıq ", - aksiya iştirakçıları bildirib.
Məlumata görə, Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında da Yerevandakı nümayişçilərə dəstək aksiyası keçirilib.
Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb.