Bakı. 19 aprel. REPORT.AZ/ Ermənistan əhalisinin 76%-nin gündəlik xərcləri 5 ABŞ dollarından azdır.
"Report" Ermənistanın "168 jam" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya bankının hesabatında qeyd olunur.
"Ümumdünya bankı gündə 5 dollardan az xərcləyənləri yoxsul hesab edir. ÜB yoxsulluq səviyyəsini iki fərqli göstərici üzrə müəyyənləşdirir: gündə 2,5 dollar xərclənməsi və gündə 5 dollar xərclənməsi", - nəşr yazıb,
Qeyd olunub ki, gündə 2,5 dollar xərclənməsi göstəricisi üzrə Ermənistanda yoxsulluq səviyyəsi 2014-cü ildə 26% təşkil edib, gündə 5 dollar xərclənməsi göstəricisi üzrə isə əhalinin dörddə üç hissəsi yoxsul kateqoriyasına aid edilib.
Xatırladaq ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə yoxsulluq səviyyəsi 2014-cü ilin sonunda 30% olub. MSX-nin metodologiyasına görə, bir yetkin şəxs üzrə gəliri aylıq 40264 dramdan (təxminən 83 ABŞ dolları) aşağı olanlar yoxsul hesab edilib.