Bakı. 1 dekabr. REPORT.AZ/ Düz 30 il əvvəl, 1988-ci il dekabrın 1-də Osetiyanın Orconikidze şəhərində (hazırda Vladikafkaz, Rusiya) dörd quldur məktəblilərin avtobusunu ələ keçirib.
"Report" Lenta.Ru-ya istinadən xəbər verir ki, quldurların rəhbəri milliyyətcə erməni olan Pavel Yakşıyants idi. Oğurluq, soyğunçuluq və quldurluğa görə üç dəfə məhkum olunub. Qrupun qalan üzvləri Vladimir Muravlev, German Vişnyakov və Vladimir Anastasov olublar.
Hadisə baş verən günü ekskursiyadan qayıdan 42 saylı məktəbin 4-cü sinif şagirdləri müəllimin müşayiəti ilə onları gözləyən avtobusa miniblər. Uşaqlar salona dolandan sonra məlum olub ki, onlar quldur-narkomanların girovuna düşüblər.
Quldurlar o dövrdə Sovet hökumətindən 3 milyon dollar, silah və İsrailə uçmaq üçün təyyarə tələb ediblər. Şahidlərin sözlərinə görə, əks halda, onlar 20 dəqiqəlik fasilələrlə uşağın birinin başını kəsəcəklərini bildiriblər. Problem yaransa onlar avtobusu partladıb hamını öldürməklə hədələyiblər.
Bunu nəzərə alan hökümət quldurların tələblərini yerinə yetirib və girovlar azad olunduqdan sonra təyyarə İsrailə uçub. Sonra Sovet hökumətinin xahişi ilə həmin quldurlar İsraildə həbs olunaraq Sovet İttifaqına təhvil veriliblər.




