Ekspertlər: Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin sabitləşməsində maraqlıdır

Ekspertlər: Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin sabitləşməsində maraqlıdır Rusiya-Türkiyə münasibətlərində gərginliyi artıran əsas qıcıqlandırıcı amil Suriya münaqişəsi olub
Region
17 Fevral , 2016 16:32
Ekspertlər: Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin sabitləşməsində maraqlıdır

Bakı. 17 fevral. REPORT.AZ/ Ekspertlər hesab edir ki, Rusiya-Türkiyə münasibətlərində gərginliyi artıran əsas qıcıqlandırıcı amil Suriya münaqişəsi olub.

"Regional siyasətdə Rusiya üçün heç də asan olmayan bir vəziyyət yaranıb. Bundan əlavə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı kimi, Rusiya iqtisadiyyatına da təsir göstərir. Reallığı nəzərə almaq lazımdır". "Report" xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Şərqşunaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın tədqiqi mərkəzinin elmi əməkdaşı Stanislav Pritçin deyib.

"Cənubi Qafqaz" politoloq müzakirələri klubunda "Aparıcı oyunçular arasında əlaqələr baxımından regiondakı siyasi vəziyyət" mövzusunda keçirilən növbəti iclasda çıxış edən S.Pritçin Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin səbəbi kimi Suriya münaqişəsini göstərib. O, təyyarənin vurulması ilə bağlı insidentə qədər Rusiya və Türkiyə prezidentləri arasında yüksək qarşılıqlı inamın olduğunu qeyd edib.

"Suriya münaqişəsi tərəflər üçün əsas qıcıqlandırıcı amildir", - deyə elmi əməkdaş bildirib. Suriya münaqişəsi haqqında danışan S.Pritçin onun tezliklə həll olunmayacağını vurğulayıb.

Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın roluna toxunan ekspert rəsmi Bakının tərəflərlə əlaqələrdə konstruktiv hərəkətlərlə seçildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində balans saxlanılmasına yönəlmiş gözləmə mövqeyi tutub. "Azərbaycan münasibətlərin sabitləşməsində maraqlı olmalıdır", - deyə o bildirib.

Öz növbəsində, azərbaycanlı politoloq Fikrət Sadıxov Yaxın Şərq regionunda və bilavasitə Suriyada vəziyyətin gərgin olaraq qaldığını deyib.

Onun sözlərinə görə, meydana yeni oyunçular çıxıb və terroizmə qarşı mübarizə artıq arxa plana keçib: "Bu münaqişədə çoxlu yeni oyunçular ortaya çıxıb. Etnik və dini amillər öz mövcudluğunu hiss etdirir. Artıq ön plana dünyanın aparıcı ölkələrinin - ABŞ, Rusiya, eləcə də Türkiyə, İran, Səudiyyə Ərəbistanının maraqları, eləcə də kürd və türkmən amilləri çıxır. Hazırda oyunçular arasında açıq müharibənin yaranması haqqında müzakirələr aparılır. Hamı İŞİD-ə qarşı mübarizəni, onun zəiflədilməsini unudub. Terror təhlükəsi artıq arxa plana keçib".

Ekspert həmçinin Rusiya-Türkiyə münasibətlərində gərginliyin artmasının Azərbaycanın maraqlarına mənfi təsir göstərdiyini qeyd edib. O bildirib ki, bu və ya digər tərəfə meyl etsək, bundan heç nə udmayacağıq.

Rusiya-Türkiyə münasibətlərindən danışan F.Sadıqov tərəflər arasındakı əlaqələrin tezliklə bərpa oluna biləcəyinə şübhə etdiyini ifadə edib: "Mən təyyarənin vurulmasına görə Türkiyə tərəfindən heç bir üzrxahlıq görmürəm. Amma hesab edirəm ki, hər iki tərəf günahkardır. Rusiya tərəfi Suriya-Türkiyə sərhədini nəzərə almalıydı. Türkiyə tərəfi daha diqqətli olmalı, qəti tədbirlərə əl atmamalıydı".

Başqa bir azərbaycanlı politoloq Elxan Şahinoğlu isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası çərçivəsində sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyini xatırladıb. O, Rusiya-Türkiyə münasibətlərinin, habelə Ankara ilə Moskva arasındakı münasibətlərin nizamlanmasında rəsmi Bakının vasitəçiliyinin müzakirə olunacağını istisna etməyib.

"Türkiyə bizim strateji tərəfdaşımızdır, Amma Moskva ilə əlaqələrimizi qorumaq istəyirik. Suriya üzrə mövqeyimiz doğrudur, lakin uzun müddət bu cür balans saxlamaq çətindir", - deyə E.Şahinoğlu bildirib.

Ekspert Rusiya və Türkiyənin Suriya münaqişəsi üzrə qarşılıqlı faydalı əməkdaşlıq nöqtələrini tapmalı olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi