Ekspert: “Sanksiyalar artıq Rusiya iqtisadiyyatına bir çox cəhətdən təsir edib”

Ekspert: “Sanksiyalar artıq Rusiya iqtisadiyyatına bir çox cəhətdən təsir edib” “Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq ölkə iqtisadiyyatına bir çox cəhətdən təsir edib”.
Region
14 Mart , 2022 20:39
Ekspert: “Sanksiyalar artıq Rusiya iqtisadiyyatına bir çox cəhətdən təsir edib”

“Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq ölkə iqtisadiyyatına bir çox cəhətdən təsir edib”.

Bunu “Report”a Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin deyib.

O qeyd edib ki, bu il iqtisadi artım gözləməyə dəyməz, ciddi inflyasiya olacaq, çünki sənayenin bir çox zəncirlərində pozuntular var.

Pritçinin sözlərinə görə, logistika sahəsində də pozuntular müşahidə olunur: bir çox istehsalçılar xaricdən gələn tədarükdən asılıdır və Rusiya bazarı ilə işlərin dayandırılması yerli şirkətlərə ciddi təsir göstərə bilər: “Belə ki, ən çox avtomobil sənayesi, aviasiya sənayesi, ümumiyyətlə, sənaye ilə bağlı hər şey zərər çəkəcək, çünki təchizatdan texnoloji asılılıq var. Çin Qərb idxalını tam əvəz edə bilməz, xüsusilə də aviasiya sektorunda. Çünki Rusiya təyyarələrinin əsas parkı “Airbus” və “Boeing”dən ibarətdir”.

Ekspert həmçinin dərmanların qiymətinin iki dəfə bahalaşması ehtimalı olduğunu da qeyd edib. “Rublun taleyi isə Rusiya Mərkəzi Bankının və hökumətin ümumilikdə Rusiya bazarını sabitləşdirmək üçün necə işləyəcəyindən, eləcə də Rusiyanın enerji resurslarının ixracının davam edib-etməyəcəyindən asılıdır”, - Pritçin vurğulayıb.

“İndi hökumət iqtisadiyyat üçün riskləri azaltmaq, ən azı, mövcud itkiləri kompensasiya etmək üçün müxtəlif antiböhran tədbirləri hazırlayır. Birincisi, valyutanın istifadəsinə qoyulan məhdudiyyətdir. Burada çətinlik ondan ibarətdir ki, böyük Rusiya şirkətləri xaricə fəal şəkildə cəlb olunub və bu ödənişlər bir qayda olaraq müntəzəm qaydada həyata keçirilir. İndi, məsələn, Rusiyanın “Rosneft” və “Qazprom” şirkətləri daha əvvəl buraxılmış istiqrazlar üzrə ödəniş etməli idilər və indi - Qərb dövlətlərinin Rusiya şirkətlərinin dollardan istifadə imkanlarını maksimum dərəcədə məhdudlaşdırdığı məqamda bunu etmək kifayət qədər çətindir. Qərb agentliklərinin nöqteyi-nəzərindən burada da defolt riskləri var. Sanki “Rosneft” və “Qazprom” bu vəziyyətin öhdəsindən gəlibmiş kimi görünür”, - o vurğulayıb.

Ekspert həmçinin əlavə edib ki, hazırda idxalın əvəzlənməsi, Rusiya iqtisadiyyatının xarici oyunçulardan asılılığının olmaması istiqamətində addımlar atılır. “Fevral ayının nəticələrinə görə, Rusiya bazarında Çin avtomobillərinin satışları artıb. Lakin Qərb avtomobil konsernləri Rusiyaya, o cümlədən yığım müəssisələrinə o qədər pul yatırıblar ki, Ukrayna ətrafındakı vəziyyət sakitləşəndən sonra onların geri qayıtmayacağını təsəvvür etmək çətindir”, - Pritçin qeyd edib.

Son xəbərlər

Orphus sistemi