Ekspert: “Aİ-nin Ermənistandakı missiyası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını həll etməyəcək”

Ekspert: “Aİ-nin Ermənistandakı missiyası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını həll etməyəcək” “Avropa İttifaqının (Aİ) Ermənistandakı uzunmüddətli mülki missiyası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsini həll etməyəcək”.
Region
27 Yanvar , 2023 17:34
Ekspert: “Aİ-nin Ermənistandakı missiyası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını həll etməyəcək”

“Avropa İttifaqının (Aİ) Ermənistandakı uzunmüddətli mülki missiyası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsini həll etməyəcək”.

Bunu “Report”a Gürcüstanın Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidze bildirib.

Onun sözlərinə görə, bu missiya formal xarakter daşıyır və tərəflər arasında münasibətlərin normallaşması üzrə hər hansı nəticənin əldə olunmasına heç bir şəkildə təsir göstərməyəcək: “Belə bir komissiya Gürcüstanda da fəaliyyət göstərir. Onlar münaqişə zonasına monitorinq həyata keçirirlər. Amma mahiyyət etibarı ilə heç nəyi həll etmirlər. Yəni bu günə kimi ölkəmizdə bu problemlər həllini tapmayıb”.

Ş.Apxaidze əlavə edib ki, Gürcüstanda 2008-ci ildə baş vermiş müharibədən uzun illər keçib, lakin bu gün ölkənin işğal olunmuş ərazilərində Rusiya bazaları var, avropalılar və amerikalılar heç nəyi həll edə bilməyiblər.

Bundan başqa, ekspertin fikrincə, bu missiyanın Azərbaycana münasibətinin necə olacağı bəlli deyil: “Ola bilsin ki, onlar anti-Azərbaycan fəaliyyətilə məşğul olacaq, Azərbaycanın və ya Türkiyənin nüfuzuna ləkə salmağa çalışacaqlar. Bu təhlükə həmişə Qərb missiyalarında mövcuddur. Amma Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı heç bir problemi həll etməyəcəkləri fakt olaraq qalır”.

Son xəbərlər

Orphus sistemi