“Gürcüstanın Dmanisi şəhərində baş verən məlum hadisə ilə bağlı, təxminən, bir neçə saat bundan əvvəl Gürcüstanın daxili işlər və təhlükəsizlik nazirləri hadisə yerində olublar. Onlar hadisənin birmənalı qaydada etnik zəminində deyil, məişət zəminində olduğunu vurğuladılar”.
Bunu "Report"a açıqlamasında əslən Gürcüstandan olan ziyalı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanın Dmanisi rayonunda baş verən insidentə münasibət bildirərkən deyib.
O bildirib ki, hər kəs bu hadisəyə kifayət qədər soyuqqanlı yanaşmalıdır:
“Çünki hadisənin etnik zəmində baş vermədiyi bəllidir. Eyni zamanda, gürcülərlə azərbaycanlılar əsrlər boyu Gürcüstanda birlikdə çiyin-çiyinə yaşayıblar. Unutmayaq ki, Dmanisi rayonunda – bu rayon Ermənistana yaxındır - öz soyadlarını dəyişmiş digər ölkələrin nümayəndələri və ermənilər də yaşayır. Ona görə də düşünürəm ki, kənar müdaxilələr vəziyyəti gərginləşdirə bilər. Azərbaycanlılarla gürcülər arasında nifaq yaradılmasına qətiyyən imkan vermək olmaz. Artıq hadisə ilə bağlı 8 nəfər saxlanılıb. Cinayət işi açılıb və istintaq tədbirləri davam edir. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ona görə də düşünürəm ki, hadisə yerində nazirlərin dediyi kimi, məsələ hüquqi müstəvidə öz həllini tezliklə tapacaq”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Report”a deyib ki, Gürcüstanla Azərbaycan strateji müttəfiqdir və görünür məişət zəminində baş verən hadisələrə don geyindirməklə bu əlaqələri pozmağa çalışan qüvvələr var:
“Biz kifayət qədər artıq imtahanlardan çıxmış insanlarıq. Ən böyük təxribatları önləyən cəmiyyətin nümayəndələriyik. Bu günlərdə baş verənlər də təxribat ola bilər. Ona görə də düşünürəm ki, maksimum dözümlü olmalı, səbr və təmkin nümayiş etdirməliyik. Dözümlü davranmaq təslim olmaq demək deyil. Dözümlü davranmaq o hüquqdan kənar addım atmamaq deməkdir. Bununla yanaşı hüququn verdiyi imkanlardan bəhrələnmək lazımdır. Bir daha soydaşlarımızı təmkinli olmağa dəvət edirəm”.
Qeyd edək ki, mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb.