Avqustun 1-də Tbilisidə keçiriləcək yerli “Dinamo” və Azərbaycanın “Qəbələ” komandasının cavab görüşü ilə bağlı paytaxt metrosunun iş qrafikinə dəyişiklik edilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Dinamo” rəhbərliyi məlumat yayıb.
Komanda rəhbərliyi Tbilisi metrosunun işinin oyunun keçiriləcəyi gün saat 23:00-dan saat 00:00-a qədər uzadılması ilə bağlı şəhər meriyasına müraciət edib. Tbilisi meriyası “Dinamo”nun müraciətini nəzərə alıb.
“Dinamo” komandası matça çox sayda fanatların maraq göstərdiyini və Tbilisi meriyasının bunu nəzərə aldığını qeyd edib.
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Dinamo” və “Qəbələ” arasında cavab görüşü yerli vaxtla saat 21:00-da Tbilisidəki “Dinamo Arena”da start götürəcək. Oyun Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanacaq.
Azərbaycanda, Qəbələ şəhər stadionunda komandalar arasında keçirilən ilk görüş gürcü futbolçuların 2:0 hesabla qələbəsi ilə başa çatıb.