Almatı. 23 may. REPORT.AZ/ "Müasir münaqişələr terrorçular və cinayət elementlərinin iştirakı ilə qarışıq xarakterlidir".
"Report"un Almatıya ezam olunmuş müxbirinin məlumatına görə, bunu BMT-nin Cenevrə şöbəsinin baş direktor aparatının rəhbəri David Çikvaidze Almatıda keçirilən Avrasiya mediaforumunda "Beynəlxalq əlaqələrin təkamülü: qlobal soyuqlaşma" paneli çərçivəsində çıxışında deyib.
"Belə hallar beynəlxalq strukturlarda biganəlik yaratmamalıdır. BMT-dəki bəzi həmkarlarımız təşkilatı yaxşı idarə etmir. BMT Təhlükəsizlik Şurası dünya liderlərinin problemləri birlikdə həll edə biləcəyi diplomatiya sığınacağı kimi yaradılıb", - D.Çikvaidze bildirib.
Onun sözlərinə görə, bəzi ölkələr öz problemlərini BMT səviyyəsinə yüksəldirlər: "BMT orqanları boks rinqi üçün yaradılmayıb, amma burada həll yolları tapılmır".
D.Çikvaidze əlavə edib ki, bu gün strukturun üzv dövlətləri BMT-nin dünyada nə etməyə borclu olduğunu deməlidir.