Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala sakinləri elektrik enerjisinin olmaması səbəbindən şəhərin bir neçə mərkəzi prospektini bağlayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə yerinə şəhər meriyasının əməkdaşları gəlib.
Davam edən leysan yağışları səbəbindən Mahaçqalada bir neçə küçəni su basıb, bəzi prospektlər işıqsız qalıb. Hava şəraitinin pisləşməsi ilə əlaqədar “Dagenerqo”nun energetikləri xüsusi iş rejiminə keçiblər.
Bərpa işlərinə 26 briqada cəlb olunub: 75 mütəxəssis və 31 texnika, saat 14:00-a (Bakı vaxtı ilə saat 15:00-a kimi-red) kimi 202 elektrik obyektinin işini bərpa edib, axşama qədər isə havadan zərər çəkənlərin 60%-ni işıqlandırıblar. Yujno-Suxokumsk, Məhərrəmkənd, Dərbənd, Karabudaqkənd, Kızlar, Babayurd rayonları və Mahaçqala xüsusi risk zonasındadır.
Mahaçqala şəhərinin meri Yusup Umavov təchizat təşkilatlarının nümayəndələri ilə operativ müşavirə keçirib. O, təcili olaraq elektrik enerjisi təchizatında baş verən qəzaların aradan qaldırılması üçün şəhər təsərrüfatının bütün mövcud imkanlarından istifadə edilməsi barədə göstəriş verib”, - məlumatda bildirilir.