Ukraynadakı ən populyar müəllif informasiya portallarından biri - məşhur ukraynalı və sovet jurnalisti Dmitri Qordonun saytı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın “Beş il Kremlin dəhlizlərində” kitabından böyük bir hissəni
Aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) qəzadan 35 il keçdi. 1986-cı ildə Ukraynanın şimalında, Pripyat şəhəri yaxınlığındakı Çernobılda baş vermiş nüvə qəzası böyük miqyaslı faciə idi. Qəza nəticəsində yüz minlərlə insan yüksək dozada radiasiyaya məruz qalıb və təxminən 350 min insan radiasiya ilə çirklənmiş ərazilərdə yerləşən evlərini tərk etmək məcburiyyətində qalıb. Qəza nəticəsində 31 nəfər yerindəcə həlak olub, ətrafa sızmış radiasiya şüalanması isə ümumilikdə 27 000-dək insanın ölümünə səbəb olub.
“1983-cü il sentyabrın 1-də 269 sərnişini daşıyan Cənubi Koreya laynerinin Sovet qırıcı təyyarəsi tərəfindən məhv edilməsi faktı Andropov “dövrünün” kədərli simvolu idisə, Qorbaçov “era”sının bundan geri qalmayan dəhşətli simvolu bütün dünyanın XX əsrin ən böyük nüvə fəlakəti kimi qiymətləndirdiyi Çernobıl AES-dəki qəza idi.
Keçən əsrin 50-60-cı illərində SSRİ-də planetin ekoloji vəziyyətinə və milyonlarla insanın sağlamlığına qalıcı ziyan vurmuş çox sayda nüvə sınağı həyata keçirilib. Sınaqların sayına görə ABŞ irəlidə olsa da, atom silahından istifadə etməklə ilk hərbi təlimi Sovet İttifaqı keçirib. Bu, 1954-cü il sentyabrın 14-də Orenburq bölgəsindəki Totski poliqonunda məşhur marşal Jukovun rəhbərliyi altında baş tutub.
General-polkovnik Dmitri Volkoqonov bu dəhşətli hadisəni belə xatırlayır: “Yelşanka-2, Orlovka, İvanovka, Maxovka kəndlərinin əhalisi (cəmi 1633 ailə) üç-dörd günlük öz evlərindən köçürülürdü... Ölümcül silahın təsirinə 40 baş mal-qara (inək, at, dəvə) və 300 qoyun məruz qalmalı idi. “Tu-4” təyyarəsindən 9 min metr yüksəklikdə atom bombası atıldı və o, yerdən 350 metr yüksəklikdə partladı. Burada artıq içində heyvanların “məskunlaşdırıldığı” çox sayda sığınacaq, blindaj, səngər, ev tikilmişdi. Hər yerdə həqiqi hərbi texnika qoyulmuşdu. Real müharibədə ola biləcək həqiqi obyektlərə qarşı əsl bombanı sınaqdan keçirmək lazım idi. Partlayışdan sonra qoşunlar tanklarda və zirehli transportyorlarda partlayışın mərkəzindən keçdilər...”
Yalnız 40 il sonra Orenburq çölündə baş vermiş həmin dəhşətli partlayışın qurbanlarını imtiyazlarla təmin etmək qərarı verildi.
SSRİ-də radioaktiv çirklənmə ilə nəticələnən yerli qəzalar da baş verirdi. Belə ki, 1957-ci ilin oktyabrında Çelyabinsk bölgəsində silahlarda istifadə olunan plutoniumu istehsal edən kombinatda güclü partlayış baş verib və radioaktiv məhlul anbarı dağılıb. Yalnız zavodun ərazisi deyil, həm də yaxınlıqda olan məhbus düşərgəsi, eləcə də yaxınlıqdakı kəndlər güclü çirklənməyə məruz qalıb.
20 il sonra, 1978-ci ilin oktyabrında Kolquyev adasının şimal-qərbində təmir olunan nüvə sualtı qayıqlarından çıxarılmış radioaktiv tullantıları daşıyan barja 45 metr dərinliyə batıb.
Dünya bu və digər qəzalar haqqında məlumatlandırılmadı, çünki həmin dövrdə SSRİ planetin qalan hissəsindən keçilməz “dəmir” pərdə ilə ayrılmışdı. Lakin 1986-cı ildə baş vermiş fəlakətin miqyası barədə həqiqəti gizlətmək – belə bir istəyin olmasına baxmayaraq – mümkün deyildi. Hərçənd Qorbaçovun geniş şəkildə reklam olunan “qlasnost” dövründə bu cür cəhdlər olurdu.
70-ci illərdə SSRİ-də atom elektrik stansiyalarının tikintisinə dair proqram qəbul edildi. Ən böyük sənaye mərkəzlərinin yaxınlığında AES-lərin inşası nəzərdə tutulurdu. Leninqrad, Kiyev, Sverdlovsk və s. yaxınlığında AES-lər inşa edildi.
Nüvə mütəxəssisləri oxşar AES-i Moskva yaxınlığında da tikməyi planlaşdırırdılar. Rusiyalı jurnalist İzyumov yazır ki, “hərbi sənaye kompleksi rəhbərliyinin güclü dəstəyi ilə məsələ Siyasi Büronun qərarı ilə nəticələnmişdi. Hamı bunun “lehinə” idi. Akademik Aleksandrov məsələnin müzakirəsi zamanı bildirirdi: stansiya o qədər təhlükəsizdir ki, onu hətta Qırmızı meydanda tikmək olar. Yalnız Qrişin bu elmi avantüranın bütün risklərini anlayaraq kəskin şəkildə etiraz edirdi... O, Ustinovla və hökumət rəhbərləri ilə münasibətlərinin uzun müddətlik korlanması hesabına olsa belə, bu layihənin rədd edilməsinə nail ola bilmişdi. Moskvalıların başı üstündə Damoklun atom qılıncının asılmaması yalnız və yalnız onun şəxsi xidmətidir”.
Heydər Əliyev də atom elektrik stansiyalarına etibar etmirdi və təxminən eyni vaxtda Azərbaycanda AES-in inşasının qarşısını almağa kömək etmişdi. Hərçənd, Bakı yaxınlığında hazırlıq işləri başlamışdı.
DTK veteranı Pərviz Hətəmzadənin danışdığından: “80-ci illərin əvvəllərində Moskvada Ermənistandan sonra Zaqafqaziyada ikinci atom elektrik stansiyasını tikmək fikri ortaya çıxdı. Üçüncü AES Gürcüstanda tikilməli idi. Ələt yaxınlığında artıq ilkin baza tikilmişdi, 8 milyon rubl xərclənmişdi. Biz o vaxt Mərkəzi Komitənin birinci katibinə, habelə SSRİ DTK-nın 6-cı bölməsinə bu ərazidə AES yerləşdirməyin mümkün olmadığını, yeraltı suların səviyyəsinin səhv hesablandığını bildirdik. Zəlzələ olsaydı, AES yeddi bala belə, dözə bilməzdi. Vəziyyəti analiz edib bu ərazidə AES tikməyin mümkünsüzlüyünü əsaslandıran görkəmli geoloq-mütəxəssislərimiz var idi. Orada artıq suyun səviyyəsi yüksəlməyə başlamışdı, bitki örtüyü əmələ gəlmişdi. Üstəlik, ərazi zəlzələyə davamlı deyil. Sonra məsələyə Heydər Əliyev qoşuldu, o da Azərbaycan DTK-nın rəyini dəstəklədi. Biz artıq Moskvaya təcrübə keçməyə getmişdik, çünki gələcək AES-i qorumaq üçün orada hissəmiz olmalı idi. Hətta ştat cədvəli də hazırlanmışdı”.
Azərbaycan DTK-nın keçmiş sədri Ziya Yusifzadə ilə söhbət zamanı ondan 80-ci illərin ortalarında Azərbaycanın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən qarşısı alınmış “atom epopeyası”nın təfərrüatlarını mənimlə bölüşməsini xahiş etdim.
“– Eşitmişəm ki, məhz sizin təklifinizlə Heydər Əliyev Azərbaycanda atom elektrik stansiyası tikintisinin dayandırılmasına nail olub. Bunun necə baş verdiyini danışın.
– Azərbaycanda AES-in inşası məsələsi 1984-cü ildə ortaya çıxdı. Sentyabrda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin müvafiq qərarı qəbul edildi. 1985-ci ildə daha bir qərar qəbul edildi. Bu dəfəki ortaq qərar idi – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Respublika Nazirlər Soveti və SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi tərəfindən qəbul edilmişdi.
Bundan sonra tədqiqat işləri başladı. Atom elektrik stansiyasının Salyan rayonunun Pirsaatçay vadisində tikiləcəyi gözlənilirdi. Onun hər biri 4 min MVt gücündə olan 4 enerji bloku olmalı idi. Birinci enerji blokunun işə salınması 90-cı illərin əvvəllərinə planlaşdırılırdı.
“Atomenerqoproyekt”in Rostov filialı tərəfindən hazırlanmış layihəyə (layihəçi – Demin) görə, bu ərazidə yeraltı suların dərinliyinin təxminən 15-17 metr olması nəzərdə tutulurdu. Məsələnin müstəsna əhəmiyyətini nəzərə alaraq, 1986-cı ildə aralarında görkəmli energetika və geologiya mütəxəssisləri olan mənbələrimizi işə cəlb etdik. Onlar tədqiqat işləri apardılar. Qeyri-rəsmi tapşırığımız əsasında iki ay çalışdılar. Nəticədə məlum oldu ki, layihədə ciddi səhvlərə yol verilib. Birincisi, seçilmiş yer uyğun deyildi. 1984-cü ildə bu ərazi səhralıq idi, heç bir bitki örtüyü yox idi, 1986-cı ildə isə ərazidə ot örtüyü yaranmışdı. Bundan əlavə, mənbələrimiz yeraltı suların dərinliyinin 15-17 metr deyil, 7-8 olduğunu aşkar etdilər. Eyni zamanda, layihə stansiyanın seysmik dözümlülüyünü 7-8 bal səviyyəsində müəyyənləşdirmişdi. Bununla bərabər, bitki örtüyünün sıx olduğunu və yeraltı suların dərinliyinin az olduğunu nəzərə alaraq, stansiyanın 7 bala belə, çətinliklə dözə biləcəyi aydın idi. Bir sıra digər əlverişsiz amillər də qeyd edilirdi. Ümumiyyətlə, məlumatlar narahatedici idi.
Bu məlumatı aldıqdan sonra ilk olaraq Heydər Əliyevə zəng etdim. Mütəxəssislərimizin tapdıqları barədə ona danışdım. O, bir qədər susduqdan sonra soruşdu:
– Moskvada nə vaxt olacaqsan?
– Növbəti ayda səfərim gözlənilmir. Ancaq Mərkəzdən icazə istəyib iki-üç gündən sonra gələ bilərəm.
Moskvaya getdim. Heydər Əliyevlə görüşdük, mütəxəssislərimiz tərəfindən yazılmış rəyi ona göstərdim. Heydər Əliyev onu diqqətlə nəzərdən keçirdikdən sonra dedi: “Qayıt və hər şeyi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ DTK rəhbərliyinə ətraflı izah et”.
Heydər Əliyev aparat məsələlərinin tanrısı idi. O, elə etdi ki, rəy ondan deyil, respublikadan gəlsin. 1986-cı ildə onun köməyi ilə AES-in tikintisi dayandırıldı və sonra tamamilə bağlandı. İnanıram ki, bu, Heydər Əliyevin xalqı qarşısında ən mühüm xidmətlərindən biridir”.
Çernobıl AES-də qəza 1986-cı il aprelin 26-da baş verdi. Ancaq Siyasi Büronun üzvləri bu barədə yalnız iki gün sonra, dünyanın ən böyük radiostansiyalarının fəlakət barədə məlumat verməsindən sonra xəbərdar edildi.
Heydər Əliyevin “BBC” televiziya xidmətinə verdiyi müsahibədən (1991-ci il): “Bu, açıq deyəcəyəm, Sovet rəhbərliyi üçün, ölkənin partiya və dövlət rəhbərliyi üçün böyük rüsvayçılıqdır. Bu, mənim qəti fikrimdir. Partlayış şənbə günü baş verib. Şənbə günü işdə idim, yeri gəlmişkən, bütün şənbə günləri işləyirdim. Təxminən günün sonunda tam təsadüfən atom elektrik stansiyasında partlayış olduğunu öyrəndim. Nazirlər Sovetinin işlər üzrə rəhbəri Smertyukovdan nə baş verdiyini soruşdum. Mən Siyasi Büronun üzvüyəm, Nazirlər Sovetinin sədrinin birinci müaviniyəm və heç nədən xəbərim yoxdur. O dedi ki, bəli, Çernobılda Atom Elektrik Stansiyasında nəsə baş verib. Dedi ki, Nazirlər Sovetinin sədrinin müavini Şerbina oraya uçub. Görək, nə olacaq... Bazar günü işləməmişəm, təbii ki heç nə bilmirdim.
Bazar ertəsi səhər Qorbaçov qəfildən Siyasi Büronu çağırır və üstəlik, iclası həmişəki yerdə deyil, öz kabinetində keçirir. Səhər, təxminən saat 10 ya da 11-də zəng etdilər. Çox qısa məlumat verildi. Bu görüş həmçinin ona görə baş tutdu ki, biz məlumatlı deyildik, amma artıq İsveç, Polşa, Almaniyadan, bəzi digər Avropa ölkələrindən radiasiya şüalanması ilə bağlı məlumatlar alırdıq. Deməli, bu, artıq dünya ictimaiyyətinə məlum idi. O, elə həmin vaxt iclası çağırdı.
Məlumat çox az idi. Ancaq biz faciə baş verdiyini hiss etdik. Təcili tədbirlərə ehtiyac var idi. Məsələ ortaya çıxdı ki, xalqa məlumat verilməlidir. Bilirsiniz, mən burada bir növ qəhrəman kimi görünmək istəmirəm. Məni səhv başa düşməyin. Ancaq mən danışdım və dedim ki, bu barədə dərhal, özü də etibarlı məlumat vermək lazımdır, çünki artıq bütün Avropa bunu bilirdi. Liqaçev həmin vaxt sözümü qəfildən kəsdi. “Siz nə istəyirsiniz? Hansı məlumatı istəyirsiniz? Bu nədir?” Mən də deyirəm: “Belə olmaz! Etibarlı məlumat olmasını istəyirəm. Bu faktı gizlədə bilmərik”. Qeyd etməliyəm ki, Aleksandr Nikolayeviç Yakovlev də mənim kimi çıxış etdi. Ancaq bu məsələ ört-basdır edildi və sonra məlum xəbər yayıldı.
Bir müddət sonra Yakovlevlə söhbət edəndə o, Liqaçovun davranışından narazılığını ifadə edərək mənə dedi: “Görürsünüz, bu məlumatı yalnız biz ikimiz dəstəkləyirdik”. Halbuki, belə çıxır, o zaman Liqaçev daha nüfüzlu insan idi”.
Bu barədə sonradan dahi ukraynalı yazıçı Boris Oleynik xatırlayırdı: “Bu, çox əhəmiyyətli detaldır. Qorbaçov Ukraynaya gəlməkdən qorxurdu, Şerbitski 1 may 1986-cı il paradını ləğv etmək və ən azından, uşaqları evakuasiya etmək istəyəndə, onu panika yaydığı üçün guya partiyadan qovulacağı ilə təhdid etmişdi. Tanrıya şükürlər olsun ki, Siyasi Büroda Heydər Əlirza oğlu Əliyev var idi. O, Ukraynada baş verənlərlə bağlı açıqlaması ilə bu “xadim”i məcbur etdi ki, sadəcə qəzanın deyil, faciənin – qlobal faciənin baş verdiyini qəbul etsin. Bunun üçün də Azərbaycan prezidentinə minnətdarıq”.
Vorotnikovla söhbətdən: “Heç kim həqiqəti bilmirdi, çünki Çernobıldan aldığımız ilk məlumat baş verənlərə uyğun gəlmirdi. Siyasi Büro aprelin 28-də toplandı. Həmin vaxt ilk hesabatda bildirdilər ki, reaktor salamatdır, qorxulu heç bir şey yoxdur, hər şey fəsadsız bitə bilər. Yalnız günün ikinci yarısında əsl vəziyyət məlum oldu. Siyasi Büronun əməliyyat qrupu yaradıldı, mən onun üzvü idim. Yakovlevə mətbuat üçün məlumatı hazırlamaq tapşırıldı. Lakin ayın 29-da Yakovlev mediaya heç bir məlumat vermədi, o, bunu yalnız aprelin 30-da etdi. Beləliklə, ilk üç gün itirildi, çünki vəziyyəti başa düşə bilmirdilər. Şerbina Uzaq Şərqdə, Sibirdə idi. O, oradan uçub gəlməli və Çernobıla çatmalı idi. Bunun üçün bir sutkadan çox vaxt lazım idi. Nəyisə qəsdən xalqdan gizlətmək istəyi yox idi. Lakin əslində belə alındı ki, Yakovlev məlumatı bir sutka gecikdirdi”.
Bununla bərabər, açılmış və ictimaiyyətə açıqlanmış Siyasi Büro iclaslarının materialları həm Qorbaçovun, həm də onun bəzi digər həmkarlarının bütün məlumatları ictimaiyyətə çatdırmağın zəruriliyinə şübhə etdiyini və onu məhdudlaşdırmağı təklif etdiyini göstərir. Siyasi Büronun yalnız iki üzvü qətiyyətlə danışırdı – Yakovlev və Əliyev.
Beləliklə, qəza aprelin 26-da, şənbə günü baş verdi, lakin Siyasi Büro iki sutka sonra, bütün dünyanın artıq SSRİ-də ən böyük nüvə fəlakətinin baş verməsi barədə səs-küy qaldırdığı bir vaxtda toplandı. Həmin gün partiya iclasının üzvləri ortaq bir fikrə gəlmədilər, hərçənd hamı məlumatın qısa müddətdə verilməli olduğunu başa düşürdü – ancaq hənsı məlumatı və hansı həcmdə?
1986-cı il aprelin 29-da Qorbaçov Siyasi Büronun növbədənkənar iclasını çağırdı. O, yenə də eyni sualı verdi: “Əhali və beynəlxalq ictimaiyyətlə necə işləyək?”
Fikirlər yenə bir-birindən fərqlənirdi: Qromıko qardaş ölkələrə daha çox məlumat verilməsini, Vaşinqton üçün isə onu əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı təklif etdi. Liqaçev ola bilsin, mətbuat konfransının lazım olmadığını bildirdi. Tarixçi Volkoqonovun dediyinə görə, “yalnız Yakovlev və Əliyev bildirirdilər: xarici jurnalistlərə və öz xalqımıza tam məlumat vermək lazımdır”.
Nəticədə Siyasi Büroya 19 sətirlik “SSRİ Nazirlər sovetindən” bildiriş təsdiqləndi. Bu bildirişdə hadisənin miqyası açıq şəkildə kiçildilmişdi. Baş katib bundan sonra da Çernobılla bağlı məlumatların məzmunu və həcmini məhdudlaşdırmağa çalışırdı. Belə ki, o, 1986-cı il mayın 5-də Siyasi Büronun iclasında belə bir təlimat verdi: “Daha geniş məlumatı Ukraynada yerli kanallar vasitəsilə yayın. Müttəfiq kanallar vasitəsilə isə faktoloji (?!) məlumatı verin. Ola bilər ki, məlumatlar çərçivəsi xarici dünya üçün genişləndirilsin. Düşmən bizi bütövlükdə qiymətləndirməyə və eyni zamanda, ləkələməyə imkan verəcək suallar verir”.
Çernobıl Qorbaçovun xarakterində bir çox şeyi üzə çıxardı: qətiyyətsizlik, təlaş, həqiqətdən – ən acısından belə, qorxu, məsuliyyət qorxusu, xalqı ilə açıq danışa və ən əsası onunla bədbəxtliyi bölüşə bilməmək. Axı, hətta Nikolay Rıjkov onu nə qədər razı salmağa çalışsa da, o, heç Kiyevə getməyə hazırlaşmırdı".