Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb

Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb Bu gün Gürcüstanın birpalatalı parlamentinə seçkilər keçiriləcək.
Region
31 Oktyabr , 2020 08:00
Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb

Gürcüstanda X çağırış parlamentinə seçkilər keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

Xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilər ilk dəfə olaraq qarışıq sistem üzrə keçirilir. 150 deputatın 120-si proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək. Qanunverici orqanda yer uğrunda 48 siyasi partiya və 2 blok olmaqla 50 seçki subyekti mübarizə aparır.

Vahid seçici siyahısında 3 526 023 seçici var ki, onların da 14 170-i xaricdədir.

Səsvermə prosesini müşahidə etmək üçün 132 yerli, 23 beynəlxalq təşkilat və 20 səfirlik qeydiyyata alınıb. Seçkiləri 118 yerli və xarici mətbuat orqanlarının 5 971 nümayəndəsi işıqlandırır.

Pandemiya səbəbindən seçki məntəqələrində xüsusi qaydalar tətbiq olunur. Seçicilər tibbi maskadan və fərdi qələmlərdən istifadə edirlər, komissiya üzvləri və müşahidəçilər də xüsusi təlimat əsasında fəaliyyət göstərirlər.

Parlament seçkiləri ilə yanaşı, qonşu ölkədə Acarıstanın Ali Şurasına da seçkilər keçirilir. Bu gün həmçinin Tbilisi, Telavi, Tetritskaro və Onidə bəzi məntəqələrdə şəhər şuralarına deputatların seçilməsi üzrə aralıq, eyni zamanda, Kaspi, Oni, Xaraquli, Tercola və Kutaisi şəhərlərində növbədənkənar mer seçkiləri baş tutacaq.

Gürcüstan üzrə səsvermə prosesi saat 20:00-da başa çatacaq.

04:55

Bu gün Gürcüstanın birpalatalı parlamentinə seçkilər günüdür.

“Report” xəbər verir ki, seçkilərdə 48 siyasi partiya və iki seçki bloku iştirak edəcək.

Səsvermənin əsas çəkişməsi 2012-ci ildə hakimiyyətə gəlmiş “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın üçüncü dəfə hakim partiya statusunu qoruyub saxlaya bilib-bilməyəcəyi və ya keçmiş prezident Mixeil Saakaşvilinin qurduğu "Birləşmiş Milli Hərəkat" Partiyasının yenidən hakimiyyətə qayıdıb-qayıtmayacağı ilə bağlıdır.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da red) açılacaq və saat 20:00-da bağlanacaq. Gürcüstanda seçkilər günündə 3 849 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədən xaricdə 52 seçki məntəqəsi açılacaq.

Son xəbərlər

Orphus sistemi