Çinin Böyük Britaniyanın Mançester şəhərindəki Baş Konsulluğunun 6 əməkdaşı, o cümlədən baş konsul Çjen Siyuan Britaniya tərəfinin tələbi əsasında Krallıqdan geri çağırılır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin tviter səhifəsində dərc olunan bəyanatında deyilir.
“Hamımız Mançesterdəki Çin konsulluğunun qarşısında baş verən insidentin narahatedici videosunu gördük. Buna cavab olaraq qanunun aliliyinə sadiqliyimizə əsaslanan prosesə başladıq. Mançester polisi araşdırma başlatdı və bunun bir hissəsi kimi dindirilmələrinin mümkünlüyü üçün altı çinli məmurun diplomatik toxunulmazlığından məhrum edilməsini tələb etdi. Çin səfirliyinə bununla bağlı məlumat verdik və son tarix müəyyənləşdirdik, o zaman da bu gün doldu. Tələbimizə cavab olaraq Çin hökuməti, baş konsul da daxil olmaqla bu məmurları Böyük Britaniyadan geri çağırıb”, - Kleverli tviter səhifəsində yazıb.
Britaniya XİN-in bu addımına səbəb oktyabrın 16-da onlarla fəalın Çinin Mançesterdəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirdiyi zaman baş vermiş insident olub. Həmin vaxt Mançester polisinin verdiyi məlumata görə, Çində demokratik islahatların tərəfdarı olan nümayişçilərdən biri Çin diplomatik nümayəndəliyi tərəfindən konsulluğun ərazisinə sürüklənib və orada ona qarşı güc tətbiq edilib. Baş Konsulluqdan isə bildirilib ki, xəsarət alan gənc diplomatik korpusun ərazisinə daxil olmağa cəhd edib və işçilərdən birinin paltarına ilişib və onu ilişdiyi yerdən dartıb çıxarmağa çalışıblar. İnsidentdən sonra Çinin Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Yan Syaoquan Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona dinc nümayişlər keçirilməsi hüququna hörmət edilməsinin, habelə Britaniya qanunlarına riayət edilməsinin zəruriliyi bildirilib.