Belarusda koronavirusa son sutkada 817 yeni yoluxma hadisəsi qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, yoluxanların ümumi sayı 9 590-a çatıb. Ölkə üzrə 67 pasiyent virusun qurbanı olub.
Məlumata görə, 1 573 nəfər infeksiyadan sağalıb. Belarus üzrə 139 295 test keçirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Bildirilib ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 2 790 986 nəfərdir. Bu virusdan 781 382 nəfərin sağaldığına dair məlumat yayılıb. Dünya üzrə koronavirusun qurbanlarının sayı isə 195 920-yə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.