Belarusda iki qadın jurnalist azadlıqdan məhrum edilib

Belarusda iki qadın jurnalist azadlıqdan məhrum edilib Polşada belarusca yayımlanan “Belsat” müstəqil telekanalının Belarusdakı iki qadın əməkdaşı 2 il müddətinə azadlıqdan məhrum edilib
Region
18 Fevral , 2021 12:20
Belarusda iki qadın jurnalist azadlıqdan məhrum edilib

Polşada belarusca yayımlanan “Belsat” müstəqil telekanalının Belarusdakı iki qadın əməkdaşı 2 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Jurnalistlər Yekaterina AndreyevaDarya Çultsova ictimai asayişin pozulmasına səbəb olan aksiyaların təşkilatçılığında təqsirli biliniblər.

Dövlət ittihamçısı Alina Kasyançikin sözlərinə görə, noyabrın 15-də naməlum vaxtda jurnalistlər “öz mənfəətçi niyyətlərindən qaynaqlanmış” və “əvvəlcədən razılaşdırılmış” ictimai asayişi kobud şəkildə pozan hərəkətlər təşkil ediblər. İttiham aktında qeyd edilib ki, bu cinayət mobil telefonlar, videokamera, mikrofon, ştativ və “Mətbuat” yazısı olan bir jilet vasitəsilə məlumatların yayılması, o cümlədən sosial şəbəkələrdə destruktiv profillərdə yerləşdirilən məlumatlarla törədilib.

Prokuror bildirib ki, Yekaterina və Darya canlı yayım vasitəsilə etirazçıları toplayıb, aksiya iştirakçılarını konkret hərəkəti etməyə meyilləndirib və hətta onlara başçılıq ediblər.

Xatırladaq ki, ötən ilin avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. O, 1994-cü ildən hakimiyyətdədir.

Prezident seçkisinin nəticələrinə etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiyalar hələ də davam edir. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.

A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Sentyabrın 23-də Belarusun paytaxtı Minskdə Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi