Mayın 15-16-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) komitə iclasları keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, PA-nın Siyasi və hüquqi məsələlər və İqtisadi, ticari, texnoloji və ətraf mühit məsələləri komitələrinin toplantılarında 9 ölkədən, ümumilikdə, 40-a yaxın deputatın iştirakı gözlənilir.
Komitə iclaslarında Qara dəniz bölgəsində siyasi, iqtisadi, ticari və ətraf mühit məsələləri müzakirə olunacaq. İştirakçılar təşkilatı məsələləri də nəzərdən keçirəcəklər.
Batumidə həmçinin QDİƏT PA-nın baş katibi Asəf Hacıyev, vitse-prezidenti, Gürcüstanın PA-dakı nümayəndə heyətinin rəhbəri Otar Danelia, Acarıstan MR-in hökumət başçısı Tornike Rijvadze və digər rəsmi şəxslərin iştirakı ilə beynəlxalq forum da keçiriləcək.