Bakı. 13 fevral. REPORT.AZ/ “NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”.
“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib.
“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”, - o vurğulayıb.
Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında müzakirələrin olmasından məmnun olduğunu deyib. O həmçinin Türkiyə ilə Rusiya arasında “S-400” raket əleyhinə müdafiə sistemi ilə bağlı müqaviləyə də münasibət bildirib: “Müqavilənin detallarının açıqlanması Türkiyədən asılıdır. Digər tərəfdən, Türkiyənin NATO-nun iki üzvü - İtaliya və Fransa ilə ortaq hava hücumundan müdafiə sistemini inkişaf etdirməsini də alqışlayırıq”.
Qeyd edək ki, fevralın 14-də NATO-ya üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının toplantısı olacaq. Tədbirdə Türkiyənin müdafiə naziri Nurettin Canikli də iştirak edəcək. O, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ-ın müdafiə naziri Ceyms Mettis və başqa nazirlərlə ikitərəfli görüş keçirəcək.