Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçiriləcək beynəlxalq konfransla əlaqədar mətbuat konfransı keçirilib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, brifinqi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov açaraq ötən ilin son dörd ayı ərzində bu mövzuda beş beynəlxalq konfransın keçirildiyini söyləyib: “Bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu olaraq, buna nail olduq və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Bunun nümunələri də var. Məsələn, Nazioni Milli Hərəkat Partiyası Yeni Kaledoniyadakı hadisələri onlara dəstəyimizlə beynəlxalq səviyyədə dünya ictimaiyyətinə çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransa müstəmləkəçilik siyasətinin ağır fəsadlarının nəticələrini öyrəndi”.
O, Bakı Təşəbbüs Qrupunun bu il üçün fəaliyyət istiqamətinin yalnız siyasətdən ibarət olmayacağını, sosial və iqtisadi yöndə də tədbirlərin keçiriləcəyini deyib.
Mətbuat konfransında iştirak edən Fransanın müstəmləkə hakimiyyəti altında yaşayan xalqların nümayəndələri məruz qaldıqları təzyiqlər, nüvə sınaqları, hüquqi əsası olmadan həyata keçirilən həbslərin çoxalması, təhsil sistemi və milli-mənəvi dəyərlərinin Fransa tərəfindən təhrif edilməsi kimi məsələlərə toxunublar. Onlar Avropa İttifaqının da bütün bu hallara laqeyid qalaraq bir növ Fransaya dəstək verdiyini qeyd ediblər. Səslərinin dünyaya çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkürlərini bildirən qonaqlar üzləşdikləri təzyiqlərlə bağlı məlumatları daha geniş coğrafiyaya yaymaq istədiklərini, bununla bağlı müxtəlif yollar axtardıqlarını da ifadə ediblər.
Fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı beynəlxalq konfrans keçiriləcək.
“Report”un Türkiyə bürosunun xəbərinə görə, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbirlə əlaqədar bu gün İstanbulda mətbuat konfransı baş tutub.
Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib.




