Rusiya Federasiyası Hökumətinin 3179 saylı fərmanı ilə elm və texnologiya sahəsində 2022-ci il mükafatları bir çox komanda və elm adamına verilib.
“Report”un Rusiya bürosunun hüquqi informasiyanın rəsmi internet portalına istinadən verdiyi məlumata görə, mükafatlandırılanlar arasında həmyerlilərimiz də var.
Onlardan biri texniki elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Federal Elmi və Mühəndislik Mərkəzi VİM-in baş elmi işçisi Qocayev Zahid Adıgözəl oğludur. O, yüksək səmərəli təkərli nəqliyyat və texnoloji vasitələrin hazırlanmasına görə mükafat alıb.
İqtisad elmləri namizədi, “Krokus İnterneşnl” Səhmdar Cəmiyyətinin prezidenti Ağalarov Aras İsgəndər oğlu xüsusi təbii və texnogen şəraitə malik tikilmiş ərazilərin işlənməsi zamanı bina və tikililərin mexaniki təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi üzrə universal texnologiyanın işlənib hazırlanması və tətbiqinə görə mükafata layiq görülüb.