Gürcüstanda Gənclərin Azərbaycan-Gürcü Sosial-Mədəni Platforması yaradılıb. “Report”un yerli bürosu xəbər verir ki, platformanın təsis olunması ilə bağlı Gürcüstanın Milli Parlament Kitabxanasında tədbir keçirilib.
Platformanın həmtəsisçisi, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov bildirib ki, platformanın yaradılmasında məqsəd azərbaycanlı və gürcü gənclər arasında mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsidir: “Platforma həmçinin azərbaycanlı gənclərin Gürcüstanın mədəni həyatına inteqrasiyasına və ölkələr arasında mədəni əlaqələrin inkişafına da töhfə verəcək”.
E.Əhmədov qeyd edib ki, platformada ümumilikdə, 12 qeyri-hökumət təşkilatı təmsil olunub: “Yeni əməkdaşlıq formatı 2019-2021-ci illər ərzində fəaliyyət göstərəck və üç il ərzində format çərçivəsində müxtəlif sərgilər, görüşlər və digər tədbirlər keçiriləcək. Gələcəkdə Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıqlarına həsr olunmuş gecənin keçirilməsini də planlaşdırırıq”.
Platformanın digər həmtəsisçisi, Gürcüstanın Mədəniyyət Akademiyasının sədri, akademik ŞotaMağlakelidze öz növbəsində deyib ki, əməkdaşlıq formatının yaradılması təşəbbüsünü gənclər irəli sürüblər: “Platforma Gürcüstan və Azərbaycan arasında dostluq, sosial və mədəni əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi istiqamətində irəliyə atılmış addımdır. Əməkdaşlıq formatı gürcü və azərbaycanlılar arasında mədəni körpü rolunu oynayacaq”.
Daha sonra platformada təmsil olunan təşkilatların rəhbərləri əməkdaşlıq haqqında sənəd imzalayıblar. Tədbir çərçivəsində rəssamlar Rizvan İsmayıl və İvane Kezuanın əsərlərindən ibarət sərgi də təşkil olunub. Mərasim yeniyetmə və gənc azərbaycanlı və gürcü gənclərin Gürcüstan və Azərbaycanın klassik və milli musiqilərinin canlı ifası ilə davam etdirilib. Gənc azərbaycanlı pianoçu Rasim Pirməmmədov Tofiq Quliyev və digər azərbaycanlı bəstəkarların mahnı və musiqilərindən ibarət komposiziya təqdim edib.
Mərasimdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Kvemo Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü gənclər və ziyalılar iştirak ediblər.








