Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan və Gürcüstan Çinin "Bir qurşaq - bir yol" təşəbbüsü çərçivəsində ilk birgə sərhəd məntəqəsini yaratmağı planlaşdırır.
"Report" "apsny.ge" portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze mayın 3-6-da Filippinin paytaxtı Manilada keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 51-ci illik iclasında bildirib.
"Gürcüstan Asiya İnkişaf Bankının maneələrsiz ticarətlə bağlı konsepsiyasını tam dəstəkləyir. Məhz bu baxımdan Azərbaycanla birlikdə ilk birgə sərhəd keçid məntəqəsinin inşa edilməsi imkanlarını nəzərdən keçiririk", - M.Baxtadze deyib.
O qeyd edib ki, Gürcüstanın Yeni İpək Yolu layihəsində iştirak etməsi üçün maliyyə resurslarının daha çox mobilliyi zəruridir.
Qeyd edək ki, Çin 2013-cü ildə infrastrukturun yaradılması və Avrasiya ölkələri arasında əlaqələrin qurulmasına istiqamətlənmiş "Bir qurşaq - bir yol" yeni iqtisadi inkişaf strategiyasını elan edib.