Azərbaycan könüllüləri zəlzələ bölgəsində 10-dan çox sakinə tibbi xidmət göstərib

Azərbaycan könüllüləri zəlzələ bölgəsində 10-dan çox sakinə tibbi xidmət göstərib Azərbaycan könüllüləri zəlzələ bölgəsində 10-dan çox sakinə tibbi xidmət göstərib.
Region
15 Fevral , 2023 15:40
Azərbaycan könüllüləri zəlzələ bölgəsində 10-dan çox sakinə tibbi xidmət göstərib

Azərbaycan könüllüləri zəlzələ bölgəsində 10-dan çox sakinə tibbi xidmət göstərib.

Bu barədə "Report"a Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Qeyd olunub ki, Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasının bir hissəsi kimi qardaş ölkəyə gedən Azərbaycan könüllüləri fəaliyyətlərinin növbəti günündə də yerli əhaliyə müxtəlif xidmətlər göstəriblər.

Könüllülər ənənəvi olaraq dörd fərqli məntəqədə qida, yardım və dərmanların paylanılması işini təşkil edib, ərazinin tullantılardan təmizlənməsini və digər fəaliyyətləri həyata keçiriblər.

Bundan əlavə, könüllülərin fəaliyyət göstərdiyi ərazidə müxtəlif təyinatlı dörd yeni çadır quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda könüllülərin fəaliyyət ərazisində paylama məntəqəsi quraşdırılıb və ilkin olaraq yerli əhaliyə su və çay, axşama yaxın isə Azərbaycandan gətirilən qida və odun sobaları paylanılıb.

Həmçinin, könüllülərimiz Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhərin müxtəlif ərazilərində çadırlarının qurulmasında da iştirak ediblər. Gün ərzində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri könüllülərimizin düşərgəsini ziyarət edib, yaşayış və xidmət sahələri, eləcə də könüllülərin qida rasionu və dərman ehtiyatları ilə yerindəcə tanış olub.

Əlavə olaraq şəhərdə yerləşdirilmiş hərbi kontingentin nümayəndələri və eləcə də Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumun rəhbərliyi də könüllülərimizin fəaliyyət göstərdiyi əraziyə baş çəkib. Ötən gün ərzində könüllü gənclərimiz səyyar xidmət üzrə yardımların paylama qruplarının tərkibində iştirak edərək, zəlzələdən zərərçəkmiş dörd kəndə xidmət edib. Eləcə də tibb təhsilli könüllülərimiz tərəfindən 10-dan çox yerli sakinə tibbi xidmət göstərilib.

Son xəbərlər

Orphus sistemi