Almaniyada hər dörd həkimdən biri fiziki təzyiqə məruz qalır - STATİSTİKA

Almaniyada hər dörd həkimdən biri fiziki təzyiqə məruz qalır - STATİSTİKA Ötən həftə Almaniyada keçmiş prezident Rixard fon Vaytzekkerin baş həkim olan oğlu Frits fon Vaytzekkerin çalışdığı xəstəxanada qətlə yetirilməsi Almaniyada tibb ocaqlarının təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib.
Region
30 Noyabr , 2019 14:49
Almaniyada hər dörd həkimdən biri fiziki təzyiqə məruz qalır - STATİSTİKA

Ötən həftə Almaniyada keçmiş prezident Rixard fon Vaytzekkerin baş həkim olan oğlu Frits fon Vaytzekkerin çalışdığı xəstəxanada qətlə yetirilməsi Almaniyada tibb ocaqlarının təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib.

“Report”un Avropa börosunun məlumatına görə, Almaniyadakı klinika və hospitalların təhlükəsizlik xidmətləri olsa da, tibbi personala qarşı artan hücum faktları bunun yetərli olmadığını sübut edir.

“Həkimlərin monitorinqi 2018” adlı hesabata görə, Almaniyadakı səhiyyə ocaqlarında çalışan hər dörd həkimdən biri minimum bir dəfə fiziki təzyiqlə üzləşib. Keçən il həkimlərin 40%-i xəstə və yaxınları tərəfindən təhqir olunublar. Hesabatda bu tendensiyanın hələ də davam etdiyi vurğulanır.

Almaniya Xəstəxana İnsitutunun (DKI) ölkə ərazisindəki klinikalarda keçirdiyi sorğu nəticəsində məlum olub ki, keçən il hər 4 xəstəxananın təcili yardım şöbəsi azı bir dəfə hücuma məruz qalıb. Əsasən xəstə yaxınları tərəfindən olan bu hücumlarda, xəstəxana çalışnaları müxtəlif bədən xəsarətləri alıblar. Eyni zamanda xəstəxanalara külli miqdarda maddi ziyan dəyib.

Bu hücumlarla bağlı araşdırma aparan Fulda şəhər Kolleci müəyyən edib ki, təcili yardım şöbələrinə hücum edən xəstə yaxınlarının 85,5 %-i spirtli içki və narkotik vasitələrin təsiri altında olublar. Kollecin hesabatında qeyd olunub ki, xəstə yaxınlarının bu hücumlarının əsas səbəbi onların təcili yardım şöbələrində gözləmələri olub.

Keçən il həkimlərə qarşı olan ən ağır hücum isə, Baden-Vürtemberq əyalətinin Offenburq şəhərindəki bir klinikada qeydə alınıb. 27 yaşlı Saleban adlı Somali vətəndaşı Yoakim adlı həkimini 20 dəfə bıçaqlayaraq amansızcasına qətlə yetirib.

Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, həkim və tibbi personala qarşı hücumlar daha çox 2017-ci ildə qeydə alınıb. Belə ki, həmin il həkimlərə qarşı 692, tibbi personala qarşı 2436 hücum, yaralama və təhqir etmə kimi müxtəlif təzyiqlər qeydə alınıb.

Mövzu ilə bağlı alman mətbuatına danışan ekspertlər ölkədəki xəstəxana və klinikaların yetərincə qorunmadığını, xəstələrlə görüş üçün müəyyən olunmuş saatlara riayət edilmədiyini vurğulayıblar.

Xatırladaq ki, noyabrın 20-də Almaniyanın keçmiş prezidenti Rixard fon Vaytszekkerin oğlu Fris fon Vaytszekker çalışdığı xəstəxanada bıçaqla vurulub və elə oradaca dünyasını dəyişib. Hadisə Berlindəki Şarlottenburq sarayının yaxınlığında, Şlosspark klinkasında baş verib. Leksiyanın keçirildiyi otaqdan çıxışı zamanı Vaytszekkerə bir kişi yaxınlaşaraq onu bıçaqlayıb. Aldığı xəsarətdən 59 yaşlı həkim dünyasını dəyişib. Eyni zamanda hücum edən şəxsə mane olmağa çalışan leksiya iştirakçılarından biri də xəsarət alıb. Şübhəli artıq həbs edilib. Hadisənin təfərrüatı hələ ki, açıqlanmır.

Qeyd edək ki, Frits fon Vaytzekker 2005-ci ildən Şlosspark klinikasında baş həkim vəzifəsində çalışırmış. Onun atası Rixard fon Vaytzekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.

Son xəbərlər

Orphus sistemi